Texnologiya dünyasının ən çox müzakirə olunan simalarından biri olan İlon Mask son açıqlamaları ilə yenidən qlobal iqtisadi və texnoloji debatların mərkəzinə çevrilib. Süni intellekt və avtomatlaşdırmanın gələcəkdə cəmiyyətin iqtisadi modelini köklü şəkildə dəyişəcəyini iddia edən milyarder iş adamı yaxın onilliklərdə insanların pensiya üçün vəsait toplamasına ehtiyac ollmaya biləcəyini bildirib. Onun bu fikirləri bir tərəfdən texnologiyanın yaratdığı yeni imkanlar barədə optimist təsəvvürləri gücləndirsə də, digər tərəfdən maliyyə və iqtisadiyyat sahəsində çalışan mütəxəssislər arasında ciddi müzakirələrə səbəb olub.
Robotlar işləyəcək, insanlar izləyəcək?
Mask bu mövqeyini “Moonshots” adlı podkastda səsləndirərək süni intellekt və robot texnologiyalarının əmək bazarını radikal şəkildə dəyişəcəyini vurğulayıb. Onun fikrincə, qarşıdakı 10–20 il ərzində texnologiyanın inkişaf tempi indiki iqtisadi və sosial modellərin böyük hissəsini köhnəldə bilər. Milyarderin proqnozuna görə, süni intellekt sistemləri artıq 2030-cu ilə qədər insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. Bu isə yalnız texnoloji sahədə deyil, həm də istehsal və xidmət sektorlarında genişmiqyaslı transformasiyalara səbəb olacaq.
Mask hesab edir ki, robot texnologiyalarının sürətli inkişafı nəticəsində gələcəkdə on milyardlarla robot müxtəlif sahələrdə insan əməyini əvəz edə bilər. Belə bir ssenaridə məhsul və xidmətlərin istehsal xərcləri kəskin şəkildə azalacaq və nəticədə iqtisadiyyatın əsas göstəricilərindən biri olan qiymət mexanizmi də dəyişəcək. Onun fikrincə, bu proses nəticəsində bir çox məhsul və xidmətlərin qiyməti demək olar ki, sıfıra enə bilər. Bu isə klassik iqtisadi modelə əsaslanan əmək haqqı, yığım və pensiya sistemlərinin aktuallığını sual altına qoyacaq.
Lakin Maskın bu optimist proqnozları maliyyə və iqtisadiyyat sahəsində çalışan ekspertlər tərəfindən birmənalı qarşılanmır. Bir sıra iqtisadçılar belə ssenarinin texnoloji baxımdan mümkün ola biləcəyini etiraf etsələr də, onun sosial və iqtisadi nəticələrinin bu qədər sadə olmayacağını bildirirlər. Maliyyə analitikləri hesab edirlər ki, texnologiyanın inkişafı həqiqətən də məhsuldarlığın artmasına və bəzi məhsulların ucuzlaşmasına səbəb ola bilər. Lakin bu, bütün iqtisadi sistemin tamamilə dəyişəcəyi anlamına gəlmir.
Texnologiya hər şeyi ucuzlaşdıra bilərmi?
Bir çox mütəxəssislər xüsusilə səhiyyə, yaşayış, vergi və sosial xidmətlər kimi sahələrin tam şəkildə ucuzlaşacağı və ya aradan qalxacağı barədə iddiaların reallığa uyğun olmadığını vurğulayırlar. Bu sahələrdə xərclər yalnız texnologiya ilə deyil, həm də demoqrafik proseslər, sosial siyasət və dövlət idarəçiliyi kimi faktorlarla müəyyən edilir. Bu səbəbdən də bəzi iqtisadçılar hesab edirlər ki, süni intellektin yaratdığı iqtisadi dəyər böyük ola bilər, lakin həmin dəyərin cəmiyyət daxilində necə bölüşdürüləcəyi hələ də açıq sual olaraq qalır.
Ekspertlər diqqəti daha bir mühüm məqama yönəldirlər: texnologiya şirkətləri və süni intellekt sahəsində fəaliyyət göstərən böyük korporasiyalar gələcəkdə yaradılacaq sərvətin sosial paylaşımı ilə bağlı hələ konkret model təqdim etməyiblər. Bu isə o deməkdir ki, texnologiyanın yaratdığı potensial rifahın cəmiyyətin bütün təbəqələrinə bərabər şəkildə çatacağına dair aydın mexanizmlər mövcud deyil. Tarix göstərir ki, texnoloji inqilablar adətən böyük iqtisadi imkanlar yaratsa da, həmin imkanların paylanması bəzən ciddi sosial bərabərsizliklərə səbəb ola bilər.
Gələcəyin xəyalına görə bu günün planını pozmayın
Maliyyə məsləhətçiləri isə bu kontekstdə vətəndaşlara ehtiyatlı yanaşmağı tövsiyə edirlər. Onların fikrincə, texnologiyanın gələcəyi ilə bağlı optimist proqnozlar maraqlı perspektiv kimi qiymətləndirilə bilər. Lakin şəxsi maliyyə planlaşdırmasını yalnız belə ehtimallar üzərində qurmaq düzgün strategiya hesab edilmir. Çünki iqtisadi sistemlər adətən uzunmüddətli və mürəkkəb proseslər nəticəsində dəyişir və bu dəyişikliklərin hansı istiqamətdə gedəcəyini əvvəlcədən tam dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil.
Bu səbəbdən də mütəxəssislər hesab edirlər ki, şəxsi yığım və maliyyə planlaşdırması hələ uzun müddət insanların iqtisadi təhlükəsizliyinin əsas elementlərindən biri olaraq qalacaq. Texnoloji yenilikləri izləmək və onların yaratdığı imkanlardan istifadə etmək vacib olsa da, maliyyə sabitliyini təmin edən klassik prinsiplərdən tam imtina etmək riskli addım hesab edilir. Beləliklə, süni intellektin gələcəyi ilə bağlı optimist gözləntilər nə qədər cəlbedici görünsə də, iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından ehtiyatlı və balanslı yanaşma hələ də ən rasional seçim kimi qiymətləndirilir.
Nigar Orucova, “İki sahil”