Dünya liderləri ABŞ və İsrailin İrana hücumlarına reaksiya verərək münaqişənin mümkün gərginləşməsi ilə bağlı ciddi narahatlıq ifadə ediblər. İran hücuma cavab olaraq bölgədəki İsrail və ABŞ hərbi hədəflərinə raketlər atıb və bu, Yaxın Şərqdə böyük müharibə qorxusunu artırıb.
“İki sahil” xəbər verir ki, Norveçin xarici işlər naziri Espen Bart Eyde yeni böyük hərbi münaqişə riskindən dərin narahatlıq keçirdiyini bildirib. O, beynəlxalq hüquq əsasında qabaqlayıcı zərbələrə yalnız qaçılmaz təhlükə olduqda icazə verildiyini və mövcud vəziyyətin ciddi suallar doğurduğunu bildirib.
Avropa İttifaqı liderləri də hadisələri təhlükəli və həyəcanverici adlandırıblar.
“Mən İsrailin xarici işlər naziri Saar və regiondakı digər nazirlərlə danışıqlar apardım. Aİ, həmçinin diplomatik həllər tapmaq üçün ərəb tərəfdaşlarla sıx əlaqə saxlayır. Mülki şəxslərin qorunması və beynəlxalq humanitar hüququn müdafiə edilməsi prioritetdir”, -deyə Aİ diplomatiyasının rəhbəri Kallas “X” platformasındakı paylaşımında yazıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen İran rejiminə qarşı tətbiq edilən sanksiyaları xatırladıb və Aİ-nin diplomatik həll yoluna sadiqliyini vurğulayıb.
Norveçin siyasi partiya liderləri vəziyyəti dünya sülhünə təhdid adlandırıb və böyük bir müharibənin qarşısının alınacağına ümid etdiklərini bildiriblər. Bu arada, Tərəqqi Partiyası İran rejiminin süqutuna ümid etdiyini bildirib və münaqişənin qlobal iqtisadiyyat və neft qiymətləri üçün potensial ciddi nəticələrini vurğulayıb.
Putin İran ətrafındakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib