09 mart 2026 17:34
119

Fransa öz hərbi bazalarından İrana qarşı əməliyyatlarda istifadəyə icazə verməyib

Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Télévisions” kanalına müsahibəsində Yaxın Şərqdə davam edən müharibədən söz açıb.

“İki sahil” xəbər verir ki,  o, repatriasiya əməliyyatları, Livandakı vəziyyət və “Charles de Gaulle” aviadaşıyıcısının yerləşdirilməsi barədə danışıb. ABŞ-ın strategiyası barədə sualı cavablandıran Barrot bildirib ki, ABŞ Prezidenti Donald Trumpın İrana qarşı əlavə zərbələr və “B-52 Stratofortress” bombardmançı təyyarələrinin göndərilməsi barədə açıqlamalarından sonra Fransa bu əməliyyatları dəstəkləməyib.

“Bu hərbi əməliyyatların məqsədi aydın müəyyən edilməmişdi, onlar beynəlxalq hüquqdan kənarda həyata keçirilirdi və regionda genişmiqyaslı münaqişə riskini artırırdı”, – deyə nazir qeyd edib.

Barrot əlavə edib ki, bu risklər İsrail və amerikalıların İran rejimi ilə bağlı problemi həll etmək üçün təklif etdikləri həllərdən daha böyük ola bilər.

ABŞ təyyarələrinin Fransa bazalarından istifadə etməsi məsələsinə toxunan nazir qeyd edib ki, Paris icazələri təqdim olunan missiyanın xarakterindən asılı olaraq verir. Onun sözlərinə görə, Fransa ABŞ tərəfdən “Istres Air Base“ bazasında yerləşdirilən vasitələrin heç bir halda İrana qarşı hərbi əməliyyatlarda istifadə olunmayacağına dair təminat alıb.