Ekspert: Forumun paytaxtımızda təşkili Azərbaycanın iqtisadi imicinin güclənməsinə və ölkənin regional iqtisadi mərkəz kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi Azərbaycanın qlobal urban inkişaf proseslərinə fəal şəkildə qoşulduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilir. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçirilən bu Forum şəhərsalma, urban idarəetmə və dayanıqlı inkişaf sahəsində dünyanın ən genişmiqyaslı beynəlxalq tədbirlərindən biridir. Hər iki ildən bir təşkil olunan Forum hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, investorları, alimləri, urbanistləri və şəhər planlaşdırması üzrə ekspertləri bir araya gətirərək şəhərlərin gələcək inkişaf modelinə dair qlobal müzakirələr üçün mühüm platforma rolunu oynayır. Bu tədbirin Bakıda keçirilməsi isə təkcə beynəlxalq tədbirə ev sahibliyi etmək deyil, həm də Azərbaycanın şəhər inkişafı, infrastruktur modernləşməsi və dayanıqlı urban siyasəti sahəsində əldə etdiyi təcrübəni dünya ictimaiyyətinə təqdim etmək baxımından əhəmiyyətli imkan yaradır.
Xüsusilə 2026-cı ilin Azərbaycanda "Memarlıq və Şəhərsalma İli" elan olunması fonunda Forumun Bakıda təşkili ölkənin urban inkişaf strategiyasının beynəlxalq müstəvidə təqdimatı üçün geniş imkanlar açır. Bu tədbir həm də Azərbaycanın qlobal urban gündəliyində rolunun artdığını nümayiş etdirməklə yanaşı, şəhər infrastrukturu, nəqliyyat, tikinti və yaşıl enerji kimi sahələrdə yeni əməkdaşlıq və investisiya perspektivlərinin formalaşmasına şərait yarada bilər.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında Forumun əhəmiyyəti, onun Azərbaycanın iqtisadi və urban inkişaf perspektivlərinə təsiri barədə fikirlərini bölüşdü. Bildirdi ki, 2026-cı ilin Azərbaycanda "Memarlıq və Şəhərsalma İli" elan edilməsi fonunda Ümumdünya Şəhərsalma Forumu kimi kimi qlobal platformanın 13-cü sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün həm iqtisadi, həm də urbanistik inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Belə bir tədbirin paytaxt Bakıda təşkili Azərbaycanın qlobal urban inkişaf gündəliyində fəal iştirak etdiyini göstərməklə yanaşı, ölkəmizin beynəlxalq iqtisadi və şəhərsalma platformalarında mövqeyini də möhkəmləndirəcək.
Ekspertin sözlərinə görə, Forumun Bakıda keçirilməsi, ilk növbədə Azərbaycanın iqtisadi imicinin güclənməsinə xidmət edir. Bu kimi beynəlxalq tədbirlər ölkənin regional iqtisadi mərkəz kimi mövqeyinin möhkəmlənməsinə, turizm və xidmət sektorunda iqtisadi fəallığın artmasına, həmçinin tədbir iqtisadiyyat çərçivəsində əlavə gəlirlərin formalaşmasına şərait yaradır. Eyni zamanda, Forum Azərbaycanın biznes və investisiya imkanlarının geniş beynəlxalq auditoriyaya təqdim olunması üçün əhəmiyyətli platforma rolunu oynayır. Belə tədbirlər ölkəmizin iqtisadi diplomatiyasının güclənməsinə də mühüm töhfə verir. Xarici investorlar Forum çərçivəsində Azərbaycanın şəhər inkişafı, nəqliyyat infrastrukturu, tikinti sektoru və müasir urban trendləri, xüsusilə də “yaşıl şəhər” konsepsiyaları üzrə həyata keçirilən layihələrlə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Bu isə potensial investorlar üçün yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına zəmin yaradır. Forum, eyni zamanda, şəhər planlaşdırılması sahəsində qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycana gətirilməsinə geniş imkanlar açır. Müxtəlif ölkələrdə tətbiq olunan uğurlu şəhər idarəetməsi modelləri, "ağıllı şəhər" texnologiyaları və dayanıqlı urban inkişaf konsepsiyaları Forum çərçivəsində geniş müzakirə edilir. Bu təcrübələrin öyrənilməsi və tətbiqi inkişaf edən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Asif İbrahimovun fikrincə, Forum Bakı və digər böyük şəhərlərin inkişafı üçün də yeni yanaşmaların formalaşmasına stimul verə bilər. Xüsusilə "ağıllı şəhər" və rəqəmsal idarəetmə layihələrinin genişləndirilməsi, nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, yaşıl enerji və ekoloji şəhərsalma layihələrinin tətbiqi kimi istiqamətlərdə yeni ideyaların və təşəbbüslərin yaranması mümkündür. Bununla yanaşı, belə qlobal forumlar investorlara ölkəmizin institusional və iqtisadi mühitini daha yaxından tanımaq imkanı yaradır. Şəhər infrastrukturu, tikinti sektoru, kommunal xidmətlər, nəqliyyat və enerji sahələri üzrə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr beynəlxalq maliyyə institutlarının və investisiya fondlarının diqqətini cəlb edə bilər.
Mütəxəssiz, həmçinin vurğuladı ki, Forum Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinə də töhfə verəcək. Bu platforma beynəlxalq maliyyə qurumları ilə yeni layihələrin maliyyələşdirilməsi imkanlarını artırmaqla yanaşı, ölkənin urban inkişaf strategiyasının qlobal gündəliklə daha sıx inteqrasiyasına xidmət edəcək. Nəticə etibarilə, Bakıda belə nüfuzlu beynəlxalq Forumun keçirilməsi təkcə böyük miqyaslı tədbir kimi deyil, həm də Azərbaycanın şəhər inkişaf modelinin dünyaya təqdim olunması, yeni investisiyaların cəlb edilməsi və şəhər infrastrukturu sahəsində qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi baxımından mühüm strateji platforma kimi qiymətləndirilə bilər.
Nigar Orucova, “İki sahil”