"Turan Tovuz" ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
“İki sahil” xəbər verir ki, Peşəkar Futbol Liqasından (PFL) bildirilib ki, bununla bağlı PFL-ə müraciət daxil olub.
Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar PFL tərəfindən “Turan Tovuz”un ev oyunlarını müvəqqəti olaraq “Azersun Arena”da keçirməsinə icazə verildiyi xatırladılıb: “Klubun Tovuz şəhər stadionuna qayıtması öncədən test oyununun keçirilməsi şərti ilə Misli Premyer Liqasının XXV tura planlaşdırılıb. Son aparılan təhlillər, mütəxəssis rəyləri və klubun rəsmi müraciətinə əsasən, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tez aprel ayının ortalarında mümkün ola biləcəyi müəyyənləşib. “Turan Tovuz” klubunun müvəqqəti olaraq çıxış etdiyi “Azersun Arena”nın da təmirə bağlanması səbəbindən (“Turan Tovuz”un bu stadionda yalnız fevral ayında istifadə edəcəyi əvvəlcədən rəsmi şəkildə bildirilmişdi) həmin turdakı oyunun, həmçinin Azərbaycan Kubokunun yarımfinal mərhələsində ev qarşılaşmasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı Peşəkar Futbol Liqasına müraciət daxil olub. Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də “Sumqayıt”ın razılıq məktubu nəzərə alınaraq, PFL tərəfindən “Turan Tovuz”un Misli Premyer Liqasının XXV tur qarşılaşmasını və Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib. Həmin qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və XXVI turdan etibarən komandanın ev oyunlarının doğma meydanda keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq”.