04 mart 2026 00:15
123

Yüz il də dolanıb keçsə bu vaxtdan...

1955-ci ilin yayı idi. Azərbaycanın görkəmli şairi, xalqın sevimlisi Səməd Vurğun İstisu sanatoriyasında dincəlirdi. Dostları, tanışları, ictimaiyyət nümayəndələri onunla görüşə gəlirdilər. Günlərin birində onunla görüşməyə gələn Kəlbəcər rayon partiya komitəsinin birinci katibi Səfər Verdiyev bilirdi ki,  Səməd Vurğun təbiətin qoynunda olmağı, xüsusilə dağları seyr etməyi çox sevir. Dağları vəsf edən gözəl şeirləri də var idi. Odur ki, ağır xəstəliyin üzdüyü sevimli şairə yaxınlıqdakı məşhur “Ceyran bulağı”nı necə təriflədisə Vurğun dərhal ora getmək istədiyini bildirdi.

Birinci katibin maşını və onları müşayiət edənlər dolama yollarla “Ceyran bulağı” olan “Taxta düzü”nə qalxdı. Bura bir möcüzə idi. Sıldırım dağın başı təxminən bir kilometr enində, kilometr yarım uzunluğunda dümdüz idi. Buna görə Azərbaycanın əvvəlki rəhbəri Mircəfər Bağırov orada hətta aeroport tikilməsini nəzərdə tuturmuş.

 Nəhayət, “Ceyran bulağı”na çatdılar, bir az kənarda qoç kəsildi, soyuldu, əti doğranıb şişlərə çəkildi və yerdə yayılmış palıd közünün üstünə düzüldü. Yaylağı kababın iyi bürüdü. Şair ətrafa baxdı, qəfil lap yaxınlıqdakı bozqır təpəlikdən bir dəstə kəklik pırıltı ilə ucub getdi. Dağın zirvəsində qartalların qıy çəkib dövrə vurması gözəl bir mənzərə yaradırdı. Yer gül-çiçəklə toxunmuş bəzəkli xalını xatırladırdı.  Şairin bu yerdən xoşu gəldi. Üzünü birinci katibə tutub:-Yaxında aşıq varmı-deyə soruşdu.

-Ağdabanlı Aşıq Qurbanın oğlu Aşıq Şəmşir bu mahalın ən qüdrətli sənətkarıdır. Maşın göndərim tez götürüb gətirsin.

...Aşıq Şəmşir evinin həyətində məşğul idi. Maşın yaxınlaşıb darvazanın qabağında dayandı. Şəmşir kişi maşına yaxınlaşdı, gələn raykom işçisi bildirdi ki, Bakıdan Səfər müəllimin qonağı gəlib, “Ceyran bulağı”nda səni gözləyirlər. Aşıq soruşdu:

-A bala, qonaq kimdir?

-Şəmşir əmi, mən də bilmirəm.

Aşıq yenə sual verdi:

-Təhər-tühüründən necə adamdır, Bakıdan gələnlərin çoxunu görmüşəm.

-Şəmşir əmi, heç əlli yaş verməzsən, amma saçı Murovun qarı kimi ağappaqdır.

Səməd Vurğun tapşırmışdı ki, onun kim olduğunu deməsinlər, görək aşıq tanıyacaqmı.

Şəmşir kişi içəri keçdi, sazını divardan endirib maşına oturdu. “Villis” Ağdabandan sürətlə uzaqlaşdı. Günorta “Ceyran bulağı”na çatdılar. Aşıq maşından düşüb onu gözləyənləri ani olaraq nəzərdən keçirdi. Qonağı görən kimi tanıdı! O Səməd Vurğun idi. Yaxınlaşıb:

-Şair, bizim dağlara xoş gəlmisən!-dedi.

Səməd aşıqla görüşdü, onu necə tanıdığını soruşdu. Aşıq cavab verdi ki, şəklini qəzetlərdə, jurnallarda görüb. Sonra şeirləşdilər. Şairlə aşığın deyişməsi tezliklə resublikanın ədəbi mühitində bir hadisə kimi geniş yayıldı.

Səməd Vurğun:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə

Kəklikli daşlardan xəbər al məni.

“Ceyran bulağı”ndan qızlar içəndə

Saz tutub, söz qoşub, yada sal məni.

Aşıq Şəmşir:

Qoşqarla yanaşı duran başın var,

Bizim el tanıyır uca dağ səni.

Yanır yolumuzda sənət çırağın,

Bilirik şeirdə bir mayak səni.

Səməd Vurğun:

Hay vurub, qıy vurub, səs sal dağlara,

Gözəllər oylağı göy yaylaqlara.

Mənim bu dərdimi de oylaqlara,

Sinəmdən oxladı bir maral məni.

Aşıq Şəmşir:

Əzəldən başında cəm olub kamal,

Səni oğul kimi sevir el, mahal.

Azad ölkəmizdə hər zaman ucal,

İstəyir könlümüz bu sayaq səni.

Səməd Vurğun:

O ceyran baxışlı baxdı uzaqdan,

Canımı odlara yaxdı nahaqdan.

Yüz il də dolanıb keçsə bu vaxtdan,

Unutmaz bu oba, bu mahal məni.

Aşığın şi­rin avazı, gözəl səsi şairin ağrı-acısını unutdurdu. Qısa tanışlıqdan və söh­bətdən sonra Səməd Vurğun həmin axşam bu deyişməni Kəlbəcər rayon mədəniyyət evində onunla görüşə gələnlərin qarşısında söylədi və şeir tamaşaçılar tərəfindən coşqunluqla qarşılandı.

Beləcə, ölməz şairin diqqəti sayəsində aşığın şöhrət dairəsi daha da genişləndi, onu respublikanın ədəbi mühitində tanıtdı. “Ceyran bulağı”nda Səməd Vurğun aşıqdan xahiş etdi ki, Bakıya, onun yanına gəlsin. Aşıq da vaxt tapıb getdi. Şairin zəmanəti ilə Aşıq Şəmsir Azərbaycan Yazıçıları İttifaqının üzvlüyünə qəbul edilir, şeirləri qəzet-jurnallarda dərc olundu. Bunlardan sonra Aşıq Şəmşirin bir neşə kitabı çapdan çıxdı, Əməkdar incəsənət xadimi fəxri adına, “Şərəf Nişanı” ordeninə layiq görülüb. Bu, Səməd Vurğunla Aşıq Şəmşirin son görüşü oldu.

1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstəliyi şiddətləndi və səfərini yarımçıq saxlamalı oldu. Çində onu Pekin xəstəxanalarından birində müayinə etdilər. Bir neçə həftədən sonra şair ağır vəziyyətdə vətənə qayıtdı. 1956-cı ilin martın 21-də Səməd Vurğunun 50 yaşı tamam oldu. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycan SSR Xalq şairi" adı təsis edildi və ilk dəfə bu ada Səməd Vurğun layiq görüldü. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirildi. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri həyata əbədi yumuldu. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyuldu. On minlərlə insan sevimli şairi ilə vida görüşünə gəldi. Şair may ayının 30-da SSRİ nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda I Fəxri xiyabanda dəfn edildi...

Cəmi əlli il yaşamış böyük şairimizin səsi, nəfəsi o dağlarda indi də yaşayır, əks-səda verir. Özü demişkən, unutmadı bu oba, bu mahal onu...

Vəli İlyasov, “İki sahil”