ABŞ-ın Florida ştatından olan və məşhur müğənni Rihannanın evinə atəş açmaqda şübhəli bilinən qadın qəsdən adam öldürməyə cəhd ittihamı ilə üzləşib.
“İki sahil” xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Məlumata görə, 35 yaşlı İvanna Ortizə qarşı ümumilikdə 10 ittiham irəli sürülüb. Onların arasında yarımavtomat tüfəngdən istifadə və yaşayış evinə atəş açmaq da var. Məhkəmə qadın üçün 1,85 milyon dollar məbləğində girov müəyyən edib. Əgər onun günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyə bilər.
Hadisə bazar günü Beverly Crest rayonunda, Los Angeles şəhərində baş verib. Ağ rəngli Tesla avtomobili ilə gələn Ortiz müğənninin yaşadığı evə doğru atəş açıb. Həmin evdə Rihannanın həyat yoldaşı, reper A$AP Rocky və onların üç övladı ilə yanaşı xidmət heyəti də olub.
Açılan güllələr müğənninin evinə, həyətindəki treylerə və qonşu evlərdən birinə dəyib. Hadisədən sonra qadın ərazidən qaçsa da, təxminən yarım saat sonra saxlanılıb. Onun avtomobilində gilizlər, parik, AR-15 tipli tüfəng və əlavə patronlar aşkar edilib.
Xoşbəxtlikdən atəşə tutulmuş evlərdə olan heç kim xəsarət almayıb.