12 mart 2026 22:12
102

Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır

Martın 12-də Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XIII Qlobal Bakı Forumu çərçivəsində şam yeməyi təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Foruma maraq göstərdiklərinə görə iştirakçılara təşəkkür edib, Forumun təşkilatçılarına minnətdarlığını bildirib. Vurğulanıb ki, Forumda müzakirə olunan məsələlər öz aktuallığı ilə seçilir və beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır.

Böyük Britaniyanın keçmiş Baş naziri Qordon Braun videomüraciətində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və dünyada baş verən gərgin geosiyasi proseslərə toxunub. Qeyd edib ki, belə bir zamanda Qlobal Bakı Forumunun keçirilməsi olduqca əhəmiyyətlidir. Forumun işinə müvəffəqiyyət arzulayan Q.Braun ümidvar olduğunu bildirib ki, müzakirələrin praktiki nəticəsi olacaq.

Tədbir bədii proqramla davam edib.