13 mart 2026 20:28
98

Parlamentin komitə sədri müasir çağırışlara uyğun İqlim Qanunu qəbul edilməsini zəruri hesab edir

Müasir beynəlxalq münasibətlər sistemi dərin geosiyasi və geoiqtisadi transformasiya mərhələsindən keçir. Son illər baş verən hadisələr göstərir ki, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və ekoloji davamlılıq artıq ayrı-ayrı sahələr kimi deyil, eyni zamanda vahid strateji təhlükəsizlik sisteminin qarşılıqlı bağlı komponentləri kimi qiymətləndirilməlidir. Qlobal iqtisadiyyatın struktur dəyişiklikləri, enerji bazarlarında qeyri-sabitlik, logistika zəncirlərində pozuntular, geosiyasi gərginliklər və iqlim dəyişikliklərinin təsiri bu sahələr arasında qarşılıqlı asılılığı daha da gücləndirmişdir. Beynəlxalq enerji və iqtisadi analitik mərkəzlərin qiymətləndirmələrinə görə, hazırda dünyanın əhəmiyyətli hissəsi enerji təchizatı riskləri ilə üz-üzədir. Qlobal enerji bazarında baş verən kəskin dəyişikliklər, xüsusilə strateji nəqliyyat marşrutlarında yaranan gərginliklər bu riskləri daha da artırır. Məsələn, Yaxın Şərq regionunda baş verən son hadisələr enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Müxtəlif beynəlxalq hesabatlar göstərir ki, bu gün dünya ölkələrinin təxminən 38–40 faizi enerji təchizatı ilə bağlı ciddi risklər və ya enerji böhranı təzyiqi ilə üz-üzədir. Bu tendensiyalar göstərir ki, enerji təhlükəsizliyi yalnız iqtisadi inkişafın təmin edilməsi ilə məhdudlaşmır, eyni zamanda dövlətlərin siyasi sabitliyi və sosial rifahı üçün strateji amilə çevrilmişdir.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və geosiyasi sabitlik arasında güclü qarşılıqlı əlaqə mövcuddur

Sadiq Qurbanov qeyd edib ki, enerji sektorunda yaranan qeyri-sabitlik həmçinin qida təhlükəsizliyi ilə də birbaşa əlaqəlidir. Müasir kənd təsərrüfatı sisteminin mühüm komponentlərindən biri olan mineral gübrələrin istehsalı enerji resurslarından, xüsusilə təbii qazdan yüksək dərəcədə asılıdır. Azot əsaslı gübrələrin istehsalı ammonyak texnologiyası vasitəsilə həyata keçirilir və bu prosesdə təbii qaz əsas xammal rolunu oynayır. Bu səbəbdən enerji qiymətlərində baş verən dəyişikliklər qlobal gübrə bazarına, bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsal xərclərinə və nəticə etibarilə ərzaq qiymətlərinə birbaşa təsir göstərir. Bu sahədə Yaxın Şərq və Körfəz regionu xüsusi rol oynayır. Məsələn, bəzi hesablamalara görə dünya üzrə karbamid (urea) ticarətinin təxminən yarısı məhz bu regiondan həyata keçirilir və bu ticarətin böyük hissəsi strateji nəqliyyat marşrutu olan Hörmüz boğazı vasitəsilə daşınır. Regionda yaranan gərginliklər gübrə bazarında qiymətlərin kəskin artmasına səbəb olur və nəticə etibarilə qlobal qida sistemində əlavə risklər formalaşdırır. Bu baxımdan enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və geosiyasi sabitlik arasında güclü qarşılıqlı əlaqə mövcuddur.

Müasir qlobal çağırışlar fonunda dövlətlər iqlim siyasətini gücləndirməyə çalışırlar

Komitə sədri vurğulayıb ki, müasir qlobal çağırışlar fonunda dövlətlər yalnız enerji istehsalının artırılması istiqamətində fəaliyyət göstərmir, eyni zamanda, iqlim siyasətini gücləndirməyə çalışırlar. Çünki enerji istehsalı, iqtisadi inkişaf və ekoloji təhlükəsizlik bir-biri ilə sıx bağlı olan strateji sahələrdir. Bir çox ölkələrdə qəbul olunan iqlim qanunları emissiyaların tənzimlənməsi, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı üçün hüquqi və institusional mexanizmlər formalaşdırır. Bu kontekstdə Azərbaycanın da müasir çağırışlara uyğun İqlim Qanunu qəbul etməsinə ehtiyac var və bu qanun xüsusi əhəmiyyət daşıya bilər. Belə bir qanun emissiyaların ölçülməsi və uçotu sisteminin yaradılması, karbon bazarının formalaşdırılması və iqlim tədbirlərinin şəffaf şəkildə monitorinqi üçün müasir institusional mexanizmlər yarada bilər. Bununla yanaşı karbon kreditlərinin beynəlxalq ticarəti vasitəsilə ölkəyə əlavə maliyyə resurslarının cəlb edilməsi, innovativ texnologiyaların transferi və aşağı karbonlu iqtisadiyyat modelinə keçidin sürətləndirilməsi mümkün olacaqdır.

Ekoloji davamlılıq siyasətinin mühüm istiqamətlərindən biri də bərk məişət tullantılarının idarə olunmasıdır

Sadiq Qurbanov qeyd edib ki, enerji siyasəti sahəsində Azərbaycanın rolu xüsusilə diqqətəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırda Azərbaycan qazı 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac olunur. Bu fakt Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlardan biri kimi mövqeyini möhkəmləndirir. Bununla yanaşı ölkəmiz bərpa olunan enerji sahəsinə geniş investisiyalar yatırır və yaxın illərdə ixraca hazır 6–8 giqavatlıq bərpa olunan enerji potensialının formalaşdırılması planlaşdırılır. Ekoloji davamlılıq siyasətinin mühüm istiqamətlərindən biri də bərk məişət tullantılarının idarə olunmasıdır. Müasir urbanizasiya prosesləri nəticəsində dünyada tullantıların həcmi sürətlə artır. Dünya Bankının hesabatlarına görə, hazırda dünyada hər il təxminən 2 milyard ton məişət tullantısı yaranır və bu rəqəmin 2050-ci ilə qədər 3,4 milyard tona qədər artacağı proqnozlaşdırılır. Eyni zamanda, qlobal tullantıların ən azı üçdə biri ekoloji baxımdan təhlükəsiz şəkildə idarə olunmur və bu vəziyyət torpaq, su və hava mühitinin çirklənməsinə ciddi təsir göstərir. Bu səbəbdən müasir yanaşmada tullantıların idarə olunması yalnız sanitariya və ekoloji təhlükəsizlik məsələsi kimi qiymətləndirilmir, eyni zamanda, iqtisadi resurs və enerji potensialı kimi dəyərləndirilir. Dövri iqtisadiyyat modeli çərçivəsində tullantıların təkrar emalı, enerji istehsalında istifadəsi və materialların yenidən iqtisadi dövriyyəyə qaytarılması müasir ekoloji siyasətin əsas istiqamətlərindən biri hesab olunur. Bu sahədə beynəlxalq təşkilatların fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı ekoloji davamlılıq, iqlim dəyişikliyi ilə mübarizə və tullantıların idarə olunması sahəsində müxtəlif qlobal təşəbbüslərə dəstək verir.

Enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və ekoloji idarəetmə...

Qardaş Türkiyə də ekoloji siyasət sahəsində mühüm nailiyyətlər əldə etmiş ölkələrdən biridir. Xüsusilə Türkiyə Respublikasının birinci xanımı Emine Erdoğanın təşəbbüsü ilə həyata keçirilən Sıfır Atık Projesi qısa müddət ərzində beynəlxalq səviyyədə nümunəvi ekoloji model kimi tanınmışdır. Layihə tullantıların azaldılması, çeşidlənməsi və təkrar emalı ilə yanaşı cəmiyyətin ekoloji şüurunun artırılmasına mühüm töhfələr vermişdir. Bu istiqamətdə Azərbaycanda da ekoloji idarəetmənin institusional əsaslarının möhkəmləndirilməsinə xüsusi ehtiyac var. Qlobal tendensiyalar göstərir ki, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və ekoloji idarəetmə müasir dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilmişdir. Bu sahələrdə həyata keçirilən siyasət yalnız iqtisadi inkişafın təmin edilməsinə xidmət etmir, eyni zamanda, gələcək nəsillərin təhlükəsiz və dayanıqlı inkişaf perspektivlərini müəyyən edir.

Bu baxımdan bir neçə istiqamət xüsusi əhəmiyyət kəsb edir:

• bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emal sisteminin genişləndirilməsi;

• tullantılardan enerji istehsalı texnologiyalarının tətbiqinin stimullaşdırılması;

• iqlim qanunvericiliyinin beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilməsi;

• regional və qlobal ekoloji layihələrdə Azərbaycanın fəal iştirakının artırılması;

• cəmiyyətin ekoloji məsuliyyətinin və maarifləndirmə səviyyəsinin yüksəldilməsi.

Dünya sürətlə dəyişir və bu dəyişikliklər dövlətlərin strateji düşüncə modelinə yeni yanaşmalar gətirir. Enerji, qida və ekologiya məsələlərinin vahid sistem kimi idarə olunması gələcək təhlükəsizlik modelinin əsas sütunlarından birinə çevrilir. Azərbaycanın bu proseslərdə fəal mövqe tutması milli maraqların qorunmasına xidmət etməklə yanaşı qlobal ekoloji sabitliyə töhfə verən mühüm strateji addım olacaq.