14 mart 2026 19:13
96

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir

Rumıniyanın sabiq energetika naziri Vircil Popeskunun sözlərinə görə, beynəlxalq bazarda neft qiymətlərinin dəyişkənliyi fonunda Rumıniya yanacaq qiymətlərinin kəskin artmasının qarşısını almaq üçün enerji təchizatını daha da sabitləşdirməlidir. O deyib ki, ölkə panikaya qapılmamalı, lakin enerji təhlükəsizliyini gücləndirmək üçün konkret addımlar atmalıdır. Rumıniya Yaxın Şərqdən neft tədarükündən böyük dərəcədə asılı deyil və bu, ölkə üçün mühüm üstünlükdür.

“İki sahil” xəbər verir ki, Vircil Popeskunun sözlərinə görə, Rumıniyanın neft emalı zavodları əsasən Qazaxıstan və Azərbaycan kimi ölkələrdən gətirilən xammal ilə işləyir. Bu isə regiondakı geosiyasi gərginlik fonunda təchizat risklərini müəyyən qədər azaldır.

Sabiq nazir hesab edir ki, yanacaq qiymətlərində mümkün artımın qarşısını almaq üçün Rumıniya hökuməti Azərbaycan və Qazaxıstanla birbaşa hökumətlərarası dialoqu gücləndirməlidir. Belə əməkdaşlıq həm neft tədarükünün sabitliyini təmin edə, həm də qiymətlərin daha proqnozlaşdırıla bilən səviyyədə qalmasına kömək edə bilər.

Vircil Popesku yanacaq qiymətlərinin inzibati qaydada məhdudlaşdırılmasının tərəfdarı olmadığını da bildirib. Onun sözlərinə görə, qiymətlərin süni şəkildə məhdudlaşdırılması bazarda yanacaq çatışmazlığına səbəb ola bilər.

Sabiq nazir 2022-ci ildə tətbiq edilən və yanacaq qiymətlərinin artımını azaltmaq məqsədi daşıyan tədbiri də xatırladıb. Həmin dövrdə dövlət və neft şirkətləri birgə qərarla benzinin qiymətində hər litr üçün 50 bani məbləğində endirim tətbiq etmişdilər.

“Hazırkı beynəlxalq vəziyyətdə Rumıniya üçün ən mühüm məsələ enerji təchizatının şaxələndirilməsi və etibarlı tərəfdaşlarla, xüsusilə Xəzər regionunun Azərbaycan kimi əsas enerji ixracatçıları ilə əməkdaşlığın gücləndirilməsidir. Bu yanaşma ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yanacaq bazarında sabitliyin qorunması baxımından mühüm hesab olunur”, - deyə Vircil Popesku bildirib.