Xalq şairi Rəsul Rzanın ev-muzeyində aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş “Sözün və sazın izində: Aşıq Şəmşir – 133” adlı anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, mədəniyyət xadimləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə ustad sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən ev-muzeyin direktoru Fidan Rzayeva el sənətkarının yaradıcılığından danışıb. O bildirib ki, Aşıq Şəmşir Azərbaycan aşıq sənətinin ən parlaq nümayəndələrindən biri kimi xalqın yaddaşında yaşayır. Onun poeziyasında Vətənə sevgi, doğma torpağa bağlılıq, el-obaya sədaqət və milli dəyərlərə ehtiram əsas mövzulardandır.
Sonra Ümummilli Lider Heydər Əliyevin Kəlbəcər və Aşıq Şəmşir haqqında söylədiyi dəyərli fikirləri əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən digər qonaqlar görkəmli sənətkarın həyat yolu, yaradıcılığı haqqında fikirlərini bölüşərək onun saz və söz sənətində qoyduğu zəngin irsi ehtiramla yad ediblər. Bildirilib ki, Aşıq Şəmşir öz bənzərsiz qoşmaları, gəraylıları və təcnisləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən klassik sənətkarlardan biri kimi yadda qalıb və onun yaradıcılığı milli mədəni irsimizin dəyərli nümunələrindən hesab olunur.
Tədbirdə ustad aşığın şeirləri qiraət olunub, tanınmış ifaçıların təqdimatında saz havaları səsləndirilib.