16 mart 2026 16:25
203

Süni obraz yaratmaq insanın öz həqiqi xüsusiyyətlərini dəyərsiz görməsinə səbəb olur

Özünü süni intellektlə dəyişənlərin nəzərinə…

Süni intellekt vasitəsilə özünü daha ideal və dəyişdirilmiş formada təqdim etmək ilk baxışda insanın özünəinamını artırırmış kimi görünə bilər. Lakin psixoloji baxımdan real “mən” ilə təqdim olunan “ideal mən” arasındakı fərq böyüdükcə daxili narazılıq və özünü qəbul etmə problemi yarana bilər. İnsan sosial mühitdə qəbul olunmaq üçün süni obraz yaratdıqda, zamanla öz real xüsusiyyətlərini kifayət qədər dəyərli hesab etməməyə başlayır.

Bunu “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “İki sahil”ə özəl müsahibəsində bildirib.

Həmsöhbətimiz qeyd edib ki, bu isə özünəinamın sağlam əsaslarda deyil, xarici təsdiqlər üzərində qurulmasına gətirib çıxarır. Sosial müstəvidə isə insanlar arasında daha çox müqayisə və qeyri-real gözləntilər formalaşa bilər. Nəticədə psixoloji rifahın əsas elementi olan autentiklik – yəni insanın özünü olduğu kimi qəbul etməsi zəifləyir. Buna görə texnologiyadan istifadə edərkən real şəxsiyyətlə rəqəmsal təqdimat arasında balansın qorunması vacibdir.
Psixoloq vurğulayıb ki, Süni Zəka vasitəsilə yaradılan “ideal mən” obrazı və ya insanların süni simulyasiyası emosional reallıqla virtual reallıq arasında sərhədlərin qarışmasına səbəb ola bilər. Psixoloji baxımdan insan real münasibətlərdə empati, kompromis və emosional tənzimləmə bacarıqlarını inkişaf etdirir. Süni və ideal mühitlərdə isə münasibətlər daha çox insanın gözləntilərinə uyğun qurulduğu üçün bu bacarıqlar kifayət qədər məşq olunmur. Bu da real sosial münasibətlərdə məyusluq və uyğunlaşma çətinliyi yarada bilər. Sosial baxımdan insanlar real münasibətlərin mürəkkəbliyindən qaçaraq daha çox süni və nəzarət olunan münasibətlərə üstünlük verə bilərlər. Uzun müddətdə bu, empati səviyyəsinin və sosial bacarıqların zəifləməsinə səbəb ola bilər. Ona görə texnologiya insan münasibətlərini əvəz etməməli, sadəcə onları dəstəkləyən vasitə kimi qalmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”