"Telegram" messenceri martın 17-də 114 mindən çox qrup və kanala girişin məhdudlaşdırıldığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "RIA Novosti" platformanın statistikasına istinadla məlumat yayıb. Beləliklə, gündəlik bloklanma sayı martın 10-dan sonra ilk dəfə 100 min həddini keçib.
Ümumilikdə mart ayı ərzində "Telegram" 1,5 milyon ünvanı bloklayıb. Onlardan 9,4 mininin terrorizmlə əlaqəli olduğu bildirilir. 2026-cı ilin əvvəlindən etibarən isə məhdudlaşdırılan kanal və qrupların sayı 10,1 milyonu ötüb.
Ən yüksək göstəricilər ilin əvvəlində qeydə alınıb: fevral ayında bir gün ərzində 235,2 minə qədər kanal və qrup bloklanıb, yanvarın 23-də isə bu rəqəm 300,8 minə çatıb. 2025-ci ilin yekunlarına görə platforma 44 milyondan çox icmanı bloklayıb ki, bu da 2024-cü illə müqayisədə təxminən 2,7 dəfə çoxdur.