18 mart 2026 13:18
102

İran ABŞ ordusunun itkiləri ilə bağlı iddia irəli sürdü: ilk həftədə 3200 itki

İran müharibənin ilk həftəsində ABŞ ordusunun 3200 itki verdiyini iddia edib.

“İki sahil” xəbər verir ki, bu barədə İranın dövlətə bağlı “Press TV” kanalı məlumat yayıb. Bildirilir ki, müharibə fevralın 28-dən başlayandan etibarən həm İran, həm də ABŞ qarşı tərəfin hərbi imkanlarına ciddi zərbələr endirdiyini iddia edir.

Məlumata görə, ABŞ ordusunun 200-dən çox hərbçisi həlak olub, 3000-dən çoxu isə yaralanıb. Həmçinin ABŞ-nin 150 raket buraxılış platformasını, 23 “Patriot” hava hücumundan müdafiə sistemini, 37 təyyarə və helikopterini itirdiyi iddia olunur.

Eyni mənbə ABŞ və İsrailin silah ehtiyatlarında ciddi azalma olduğunu və vəziyyətin “çox ciddi” xarakter aldığını bildirib.

Xəbər ABŞ-nin Hörmüz boğazı yaxınlığında yerləşən İran raket obyektlərinə 5000 funtluq bunker əleyhinə bombalarla zərbə endirməsindən bir neçə saat əvvəl yayımlanıb. Münaqişə səbəbindən bu strateji su yolunda gəmi hərəkəti də ciddi şəkildə məhdudlaşıb.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edərək ölkənin bu zərbələrdən sonra bərpa olunmasının illər çəkəcəyini bildirib. O qeyd edib ki, ABŞ İranın hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini faktiki olaraq sıradan çıxarıb.