Vyetnamın şimal-şərqindəki Laokay əyalətinin Lukyen qəsəbəsində Azərbaycan Respublikasının dəstəyi ilə inşa edilən məktəb binasının yeni korpusunun açılışı olub. Çan Fu ibtidai məktəbi üçün bina 2024-cü il sentyabrın 7-8-də “Yaqi” qasırğasının fəsadlarının aradan qaldırılmasına dəstək məqsədi ilə Azərbaycanın Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyəsi hesabına inşa edilib.
“İki sahil” xəbər verir ki, açılış mərasimində Laokay əyalətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, Azərbaycanın və Qazaxıstanın Vyetnamdakı səfirləri iştirak ediblər.
Əyalətin Xalq Komitəsinin sədr müavini Vu Thi Hien Hanh məktəb binasının Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlığın parlaq simvolu, dost Azərbaycanın qiymətli hədiyyəsi olduğunu deyib. O, inşa edilən məktəb binasının Lukyen qəsəbəsinin şagirdləri üçün təhsil şəraitinin yaxşılaşdırılmasına kömək etdiyini, həm də dost ölkənin təhsil işinə göstərdiyi xoş məramın göstəricisi olduğunu söyləyib. Vu Thi Hien Hanh əyalətin rəhbərliyi və əhalisi adından bu layihənin həyata keçirilməsində göstərilən diqqət və dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
Ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə xalqlarımız arasında dostluğun böyük tarixi olduğunu deyib, Vyetnamın ilk Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində sovet nümayəndə heyətinin rəhbəri qismində Vyetnama səfərlərinin xalqlarımız arasında dostluğun yaranmasında və möhkəmlənməsində müstəsna rol oynadığını vurğulayıb. O, ölkələrimiz arasında əlaqələrin son illər sürətlə inkişaf etdiyini, ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulduğunu, əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün yeni imkanlar açıldığını diqqətə çatdırıb.
Səfir Şövqi Mehdizadə Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin Vytenama səfərləri zamanı çəkilmiş fotoşəkilləri məktəbə, müxtəlif kitabları isə şagirdlərə hədiyyə edib.
Tədbirdə iştirak edən Qazaxıstanın Vyetnamdakı səfiri Kanat Tomyış da məktəblilərə kitablar bağışlayıb.
Sonra məktəb binasının Azərbaycan tərəfindən inşa edilməsinə dair məlumatın əks olunduğu lövhənin üzərindən örtük götürülüb, binada yaradılan şəraitlə tanışlıq olub.
Qeyd edək ki, təxminən 1400 şagirdin təhsil aldığı Çan Fu ibtidai məktəbi üçün inşa edilən üçmərtəbəli binanın ümumi sahəsi 825 kvadratmetdir. Sakit okeanda 2024-ci ilin ilk böyük tayfunu olan “Yaqi” son 70 ildə Vytenama ən çox zərər vuran qasığa olub. “Yaqi”nin törətdiyi fəsadlar nəticəsində Vyetnamda 325 nəfər ölüb, 2 minə yaxın insan xəsarət alıb, minlərlə evə, inzibati və sosial binaya, infrastruktura, əkin sahələrinə ziyan dəyib, ümumi maddi zərər təxminən 3,5 milyard Amerika Birləşmiş Ştatları dolları olub.
Lukyen qəsəbəsində məktəb binasının inşası Azərbaycanın Vyetnama ilk humanitar məqsədli dəstəyi deyil. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2018-ci ildə Vyetnamın Hazanq əyalətinin ucqar Ziap Çunq qəsəbəsində ibtidai məktəb binası inşa etdirib. Ötən il Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Hanoyda görmə qabiliyyəti məhdud uşaqlar üçün nəzərdə tutulan Nquyen Dinh Chieu orta məktəbində olub və orada Fondun maliyyə dəstəyi sertifikatını təqdim edib. Açılış mərasimindən əvvəl Loakay əyalətinin Xalq Komitəsinin sədri Nquyen Tuan Anh ilə görüşdə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlıq ifadə edilib. Səfər çərçivəsində Laokay əyalətində sosial müdafiə mərkəzinə də baş çəkilib. (AZƏRTAC)
Nağdsız qaydada alınmış daşınmaz əmlak üzrə 90,7 mln. manat ƏDV məbləği vətəndaşlara geri qaytarılıb
BDU-nun Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb