27 avqust 2026 10:45
148

SOCAR 2025-ci ildə maliyyə dayanıqlılığını gücləndirib

Qlobal enerji bazarlarında qiymət dəyişkənliyi, geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklər fonunda SOCAR 2025-ci ili yüksək maliyyə göstəriciləri ilə başa vurub. Şirkət il ərzində əməliyyat səmərəliliyini artıraraq maliyyə göstəricilərində əhəmiyyətli irəliləyişə nail olub.

SOCAR strateji inkişaf prioritetlərinə uyğun olaraq beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirinin müxtəlif seqmentlərində mövqeyini gücləndirib və investisiya imkanlarını dəyərləndirərək yeni bazarlara açılıb. Bununla yanaşı, xərclərin optimallaşdırılması, müəssisələr arasında inteqrasiyanın gücləndirilməsi, maliyyə resurslarının effektiv idarə olunması, eləcə də innovativ və rəqəmsal həllərin tətbiqi əməliyyat səmərəliliyinin artırılmasına töhfə verib. 2025-ci ilin maliyyə nəticələrində əsas diqqətçəkən məqam mənfəət göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsidir.

Gəlirlərin 1,9% artmasına baxmayaraq ümumi mənfəətin 70,5%, əməliyyat mənfəətinin 80,1%, EBITDA-nın isə 26% yüksəlməsi gəlirlilik və əməliyyat səmərəliliyi baxımından güclü nəticələri əks etdirir.

Eyni zamanda, aktivlərin və kapitalın artması, uzunmüddətli öhdəliklərin isə azalması 2025-ci ilin nəticələrini yalnız mənfəətlilik baxımından deyil, balans göstəriciləri baxımından da fərqləndirir. Bu dinamika SOCAR-ın cari fəaliyyətini uğurla davam etdirməklə yanaşı, uzunmüddətli inkişaf və investisiya imkanlarını dəstəkləyən maliyyə bazasını qoruduğunu göstərir.

Beləliklə, 2025-ci ilin nəticələri SOCAR üçün yalnız maliyyə göstəricilərində artım ili deyil, eyni zamanda əməliyyat səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq biznes portfelinin genişləndirilməsi ilə xarakterizə olunan dövr olub.

Əsas maliyyə göstəriciləri

86,3 milyard AZN – gəlirlər

SOCAR-ın gəlirləri 2025-ci ildə 1,9% artaraq 84,7 milyard manatdan 86,3 milyard manata yüksəlib.

12,61 milyard AZN – ümumi mənfəət

Ümumi mənfəət 70,5% artaraq 7,39 milyard manatdan 12,61 milyard manata çatıb. Gəlirlərin 1,9% artdığı dövrdə mənfəətin bu səviyyədə yüksəlməsi xərclərin optimallaşdırılması və daha səmərəli əməliyyat fəaliyyətinin maliyyə nəticələrinə müsbət təsirini əks etdirir.

5,2 milyard AZN - əməliyyat mənfəəti

Əməliyyat mənfəəti 80,1% artıb. Bu dinamika şirkətin əsas fəaliyyət istiqamətlərində əməliyyat səmərəliliyinin və gəlirliliyin yüksəlməsini əks etdirir.

10,9 milyard AZN – EBITDA

Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət (EBITDA) 26% artaraq 10,9 milyard manata çatıb. EBITDA-nın artımı SOCAR-ın əsas biznes fəaliyyətindən mənfəət yaratmaq qabiliyyətinin gücləndiyini göstərən mühüm göstəricidir.

Təqribən 3 milyard AZN - xalis mənfəət

SOCAR 2025-ci ili təqribən 3 milyard manat xalis mənfəətlə başa vurub.

Ümumi mənfəət, əməliyyat mənfəəti və EBITDA üzrə müşahidə olunan dinamika şirkətin maliyyə nəticələrinin yalnız gəlirlərin artması hesabına deyil, həm də biznes dayanıqlılığının gücləndirilməsi, müəssisələrin inteqrasiyalı fəaliyyəti, idarəetmənin təkmilləşdirilməsi, texniki və kommersiya əməliyyatlarının səmərəliliyinin artırılması, maliyyə resurslarının daha rentabelli idarə olunması, innovativ həllər və rəqəmsal enerji texnologiyalarının tətbiqi hesabına formalaşdığını göstərir.

Balans göstəricilərində müsbət dinamika

96,85 milyard AZN - ümumi aktivlər

SOCAR-ın ümumi aktivləri 2025-ci ildə 2,3% və ya 2,15 milyard manat artaraq 96,85 milyard manata yüksəlib.

30,56 milyard AZN - cari aktivlər

Cari aktivlər 7,4% və ya 2,11 milyard manat artaraq 30,56 milyard manata çatıb.

Şirkətin ümumi aktivləri ümumi öhdəliklərini 49,93 milyard manat üstələyib.

- 22,5% - uzunmüddətli öhdəliklər

Uzunmüddətli öhdəliklər 24,2 milyard manatdan 18,7 milyard manata enib. Təxminən 5,5 milyard manatlıq azalma şirkətin uzunmüddətli maliyyə yükünün azalmasına və maliyyə mövqeyinin möhkəmlənməsinə töhfə verib.

Təxminən 49,9 milyard AZN - cəmi kapital

Cəmi kapital 2025-ci ildə 2,6% artıb. 2021-2025-ci illər ərzində isə SOCAR-ın cəmi kapitalında 2,2 dəfə artım qeydə alınıb.

Aktivlərin və kapitalın artması ilə yanaşı, uzunmüddətli öhdəliklərin azalması SOCAR-ın maliyyə dayanıqlılığını dəstəkləyən əsas göstəricilər sırasındadır.

Beynəlxalq portfelin genişləndirilməsi

2025-ci ildə SOCAR maliyyə nəticələrini yaxşılaşdırmaqla yanaşı, uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq investisiya fəaliyyətini də davam etdirib.

İl ərzində şirkət enerji dəyər zəncirinin müxtəlif istiqamətlərində mövqelərini gücləndirməyə, beynəlxalq aktivlər portfelini şaxələndirməyə və yeni bazarlarda iştirakını genişləndirməyə yönəlmiş bir sıra strateji addımlar atıb.

Əsas istiqamətlər sırasında:

“Bahar” və “Qum-Dəniz” yataqlarında 80% iştirak payının əldə edilməsi – “SOCAR-ın ölkə daxilində hasilat aktivləri portfelinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biri olub;

İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10% effektiv iştirak payının əldə edilməsi - şirkətin beynəlxalq “upstream” portfelinin və yeni coğrafiyalarda iştirakının genişlənməsinə xidmət edib;

rəqəmsal infrastruktur və neft-kimya sahələrinə strateji investisiyalar - biznesin texnoloji imkanlarının və uzunmüddətli rəqabət qabiliyyətinin artırılmasına yönəlib;

qaz ixracının və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi – SOCAR-ın regional və beynəlxalq enerji bazarlarındakı mövqeyinin möhkəmləndirilməsini və gəlirlilik səviyyəsinin yüksəldilməsini dəstəkləyib.

Bu addımlar SOCAR-ın yalnız cari maliyyə nəticələrinə deyil, uzunmüddətli inkişafına, portfelin şaxələndirilməsinə və enerji dəyər zəncirinin müxtəlif seqmentlərində iştirakının genişləndirilməsinə yönəlmiş yanaşmasını əks etdirir.

2025-ci ilin ümumi maliyyə mənzərəsi

SOCAR-ın 2025-ci il nəticələrində üç əsas tendensiya önə çıxır:

Daha yüksək mənfəət – gəlirlərin 1,9% artması fonunda ümumi mənfəət 70,5%, əməliyyat mənfəəti 80,1%, EBITDA isə 26% yüksəlib.

Daha dayanıqlı maliyyə – aktivlər və ümumi kapital artıb, uzunmüddətli öhdəliklər isə 22,5% azalıb.

Daha geniş biznes portfeli – şirkət Azərbaycan və Türkiyədə əsas fəaliyyət istiqamətlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq “upstream”, neft-kimya, enerji və rəqəmsal infrastruktur sahələrində yeni investisiyalar həyata keçirib.

Bu göstəricilər 2025-ci ildə SOCAR-ın əməliyyat səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, maliyyə dayanıqlılığının gücləndirilməsi və uzunmüddətli inkişaf üçün biznes portfelinin genişləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini göstərir.