Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə vətəndaşların növbəti qəbulunu keçirib, sakinlərin müraciət və təkliflərini dinləyiblər.
“İki sahil” xəbər verir ki, qəbul zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının tərkib hissəsi olaraq, bu kateqoriyadan olan vətəndaşlar növbədənkənar qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşılıb. Qəbulda iştirak edən vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, pay torpağının qonşu tərəfindən zəbt olunması, borca görə kəsilmiş qaz xəttinin bərpa edilməsi, yeni tikilmiş fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və digər sosial-məişət məsələləri ilə bağlı müraciətlərini çatdırıblar. Vətəndaşların hər bir müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericilik çərçivəsində və operativ həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görülən işlərin nəticəsi olaraq qəbulda vətəndaş məmnunluğu tam təmin edilib.
Sonda rayon sakinləri ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.