19 mart 2026 12:52
103

BANM-də Novruz festivalı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Novruz festivalı keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən rektor Elmar Qasımov bayram münasibətilə BANM-in tələbə və əməkdaşlarını təbrik edib, onlara yeni uğurlar və firavan günlər arzulayıb.

Bu il Novruz və Ramazan bayramının eyni günə təsadüf etdiyini vurğulayan rektor hər iki bayramın Azərbaycanda böyük coşqu ilə keçirildiyini, bunun cəmiyyətimizdə milli və dini dəyərlərin vəhdətinə nümunə olduğunu deyib. 

Daha sonra əməkdaş və tələbələrin hazırladığı bayram guşələri ilə tanışlıq olub, festival iştirakçıları müxtəlif şirniyyatların dadına baxıblar.

Festivalda bayram tonqalı yandırılıb. Tələbələr tonqal ətrafında yallı gedib, müxtəlif rəqs nümunələri ifa edib, yumurta döyüşdürüblər.