19 mart 2026 12:55
101

Ali məktəbə qəbul imtiyazı RFO qalibləri üçün ən strateji üstünlükdür - Tural Alışov

RFO qalibləri üçün ən mühüm akademik üstünlük ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququdur. Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli 229 nömrəli Qərarına əsasən, IX–XI siniflər arasında keçirilən respublika fənn olimpiadasında I, II və III yer tutmuş şəxslər müvafiq qaydada ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilərlər. Həmin hüquq tam orta təhsili bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün və yalnız bir dəfə istifadə olunur.

Bunu “İki sahil”ə açıqlamasında Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Xüsusi İstedadlı Uşaqlarla İşin Təşkili şöbəsinin müdiri Tural Alışov diqqətə çatdırıb.

O, qeyd edib ki, milli olimpiada qalibləri riyaziyyat, informatika, fizika, kimya və biologiya üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunurlar; hazırda bu istiqamətdə 5 fənn və yaş qrupu üzrə 300-dən çox şagird hazırlıq mərkəzlərinə cəlb edilib. Maddi üstünlüklər isə əsasən medal, mükafatlandırma və tərəfdaş dəstəyi formatında təqdim edilir; lakin ali məktəbə qəbul imtiyazı ən sistemli və strateji üstünlük hesab olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”