20 mart 2026 08:21
107

Parisdə Novruz coşqusu

Azərbaycanın Fransadakı səfirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı Parisdə səfirliyin Mədəniyyət Mərkəzində təntənəli şəkildə qeyd edilib. Bayram tədbiri milli adət-ənənələri və mənəvi dəyərləri əks etdirən zəngin proqramla müşayiət olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Novruz bayramının fəlsəfəsi və qədim adət-ənənələri barədə geniş məlumat verib. Səfir bildirib ki, Novruz Azərbaycanın ən qədim və sevimli bayramlarından biridir və xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirir. Leyla Abdullayeva vurğulayıb ki, Novruz əsrlər boyu təbiətin oyanışı, mənəvi saflıq və bərabərlik rəmzi kimi qeyd olunub. Qədim günəş təqviminə əsasən yazın və yeni ilin başlanğıcı kimi qeyd edilən bayram müxtəlif xalqlar arasında sülh, barış və həmrəyliyi təşviq edir. Tədbirdə səfir Azərbaycanın hazırkı sabitliyinə də toxunaraq bildirib ki, regionda mürəkkəb vəziyyətə baxmayaraq, ölkəmiz Novruz bayramını təhlükəsizlik və sabitlik şəraitində qeyd edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sülh, etimad və dialoq məkanına çevrilib və bu, beynəlxalq ictimaiyyət üçün də mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Azərbaycan-Fransa ikitərəfli münasibətləri barədə məlumat verilib. Eyni zamanda, Novruzun milli ənənələrini əks etdirən xonçalar nümayiş olunub və iştirakçılara bayram ab-havası yaradılıb. Milli geyimdə çıxış edən səfir xalqın dəyərlərinə və ənənələrinə sadiqliyini nümayiş etdirib.

Bayram proqramı konsertlə davam edib. Rövşən Qurbanov (tar) və Toğrul Əssədullayevin (kamança) müşayiəti ilə xanəndələr Rəvanə Qurbanova və Rəvan Qaçayev milli muğam və folklor musiqilərini ifa ediblər.