İran Ben-Qurion hava limanında İsrailin yanacaqdolduran təyyarələrinə və Qüdsdə İsrailin Milli Təhlükəsizlik Nazirliyinə pilotsuz uçuş aparatları (PUA) ilə növbəti zərbəni endirib.
“İki sahil” "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
"Bu gün səhər saatlarından etibarən Ben-Qurion hava limanındakı İsrail ordusunun strateji yanacaqdoldurma təyyarələrinin yerləşdiyi bazalar, Qüdsdəki Milli Təhlükəsizlik Nazirliyinin binası və Təl-Əvivdəki "13" telekanalı yenidən ordunun PUA-larının kütləvi hücumunun hədəfinə çevrilib", - SEPAH-ın məlumatında bildirilib.
Məlumatda qeyd olunur ki, Ben-Qurion hava limanında yerləşən yanacaqdoldurma təyyarələri İrana və onunla əlaqəli qüvvələrə endirilən aviazərbələrin təmin olunmasında mühüm rol oynayır.
Bildirilib ki, İranın Silahlı Qüvvələri əhalinin dəstəyinə arxalanaraq ölkənin müdafiəsi üzrə fəaliyyətləri davam etdirmək niyyətindədir.