21 mart 2026 11:33
101

Fransa Rusiyanın “kölgə donanması”na aid şübhəli gəmini saxlayıb

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən gəmini saxlayıb

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, “Deyna” adlı gəmi bu səhər saxlanılıb. Makronun sözlərinə görə, dəniz hüquqlarını pozan bu cür gəmilər “müharibə qazancı əldə etməyə çalışan vasitələrdir”.

Makron vurğulayıb ki, Yaxın Şərqdə baş verən hadisələr Fransanın Ukraynaya dəstəyini dayandırmayacaq və Paris bu kimi fəaliyyətlərə qarşı mübarizəni davam etdirəcək.

Fransanın Aralıq dənizi üzrə dəniz administrasiyasının məlumatına görə, Mozambik bayrağı altında üzən gəmi Murmansk şəhərindən yola düşüb. Gəminin saxta bayraqla üzdüyü ehtimal edildiyi üçün ona müdaxilə edilib və sənədlərin yoxlanılması ilə şübhələr təsdiqlənib.

Hadisə ilə bağlı Marsel prokurorluğuna müraciət olunub və gəmi marşrutundan kənarlaşdırılaraq Fransa donanmasının müşayiəti ilə dayanacaq nöqtəsinə yönləndirilib.

Yerli mediada gəminin Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu ehtimalının araşdırıldığı bildirilir.