21 mart 2026 20:50
116

Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı keçirilib

Zəngilan rayonunun Ağalı və yenidən qurulan Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib.

“İki sahil” xəbər verir ki, festival Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və "Aqrar tədarük və təchizat" ASC-nin birgə təşkilatçılığı ilə baş tutub.

Festival çərçivəsində kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub, müxtəlif bölgələrdən olan fermerlər üçün satış, investorlar üçün tanışlıq imkanı yaradılıb.

Ağalı kənd parkında hər iki kəndin sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin incəsənət xadimlərinin ifasında bədii-əyləncəli proqram təşkil olunub. Uşaqlar üçün xüsusi zonada interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.

Tədbirin qonaqları sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar. Kəndirbazlar, pəhlsvanlar, yumurta boyayayanlar və digər folklor nümayəndələrinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.