Keniyada daşqınlar nəticəsində həlak olanların sayı 81 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Milli Polis Xidməti məlumat yayıb.
Daha əvvəl 71 qurban barədə məlumat verilmişdi.
"Hazırkı məqama görə qurbanların ümumi sayı, təəssüf ki, 81-ə çatıb. Nayrobi hələ də 37 ölüm faktının qeydə alındığı ən çox zərər çəkmiş ərazi olaraq qalır", - bəyanatda qeyd olunub.
Bundan əlavə, subasmalar səbəbindən 2,6 mindən çox ailə təxliyə olunub, infrastruktur obyektləri və mənzil fondunda əhəmiyyətli dərəcədə dağıntılar qeydə alınıb.
Keniyada leysan yağışları səbəbindən yaranan daşqınlar martın 6-dan davam edir. Qonşu Efiopiya da leysanlardan ciddi zərər çəkib. Bu ölkənin cənubunda torpaq sürüşmələri və daşqınlar nəticəsində ən azı 107 nəfər həlak olub.