Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Novruz şənliyi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Evinin və Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Günay Mirzəyeva çıxış edərək iştirakçıları həm Ramazan, həm də Novruz bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Novruz şənliyində ən maraqlı məqamlardan biri italiyalı bəstəkar və rəssam Francesco Macconun təşkil etdiyi vorkşop olub. Qeyd edək ki, Azərbaycan Evinin açılışı zamanı təqdim olunan “Nar” sərgisi uşaqlar üçün xüsusi ilham mənbəyinə çevrildiyi üçün bu vorkşopda uşaqlar həmin sərgidə gördükləri nar təsvirlərindən ilhamlanaraq yaradıcılıqlarını nümayiş etdiriblər. Onlar narın rənglərini, formasını və simvolik mənasını fərqli şəkildə ifadə edərək həm təxəyyüllərini nümayiş etdirib, həm də sərginin əsas qayəsini dərindən qavramak imkanı qazanıblar. Beləliklə, sərgi və vorkşop bir-birini tamamlayaraq, uşaqlar üçün həm öyrədici, həm də yaradıcı mühit bəxş edib.
Sonra onuncu sinif şagirdi Ayda Əliyeva Novruz bayramına dair maraqlı təqdimatla çıxış edərək, bu qədim bayramın tarixi və ənənələri haqqında ətraflı məlumat verib.
Tədbir bayram şənliyi ilə davam edib. Milli rəqslər, “Yallı” və yumurta döyüşdürmə kimi qədim ənənələrimiz tədbirə xüsusi rəng qatıb.
İştirakçılar birlikdə xoş anlar keçirərək bayram sevincini bölüşüblər. Bayram süfrəsini ənənəvi Novruz təamları – şəkərbura, paxlava və digər milli şirniyyatlarımız bəzəyib.