24 mart 2026 12:19
142

Gülüstan Dövlət Universitetində Səməd Vurğunun adını daşıyan Azərbaycanşünaslıq auditoriyası yaradılıb

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Gülüstan Dövlət Universitetində Azərbaycanın görkəmli şairi, dramaturqu və ictimai xadimi, Xalq şairi Səməd Vurğunun adını daşıyan Azərbaycanşünaslıq auditoriyası yaradılıb.

“İki sahil” xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səməd Vurğunun 120 illik yubileyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, Səməd Vurğunun adını daşıyan Azərbaycanşünaslıq auditoriyasının yaradılması Azərbaycan ilə Özbəkistan arasında mədəni və elmi əlaqələrin inkişafına mühüm töhfə verəcək. O vurğulayıb ki, Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən həyata keçirilən yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı əməkdaşlıq humanitar layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Direktorun sözlərinə görə, yaradılan auditoriya tələbələrin Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olması, eləcə də birgə elmi və mədəni layihələrin həyata keçirilməsi üçün mühüm platforma olacaq.

Sırdərya vilayətinin hakim müavini Şoxrux İsakulov və universitetin birinci prorektoru Kozim Kudratov Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan qədim dostluq və mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb. Onlar qeyd ediblər ki, belə bir Azərbaycanşünaslıq auditoriyasının yaradılması tələbələrin Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti haqqında daha geniş məlumat əldə etməsinə, həmçinin iki ölkənin ali təhsil müəssisələri arasında elmi-humanitar əməkdaşlığın inkişafına töhfə verəcək.

Auditoriyanın yaradılması çərçivəsində universitetə Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinə dair kitablar, foto materiallar və müxtəlif təqdimat materialları hədiyyə olunub. Auditoriyanın tərtibatında Azərbaycan və Özbəkistanın Dövlət bayraqları, görkəmli şəxsiyyətlərin portretləri, eləcə də Azərbaycanın xəritəsi və digər simvolik elementlər yer alıb.

Yeni yaradılmış auditoriya tələbələrin Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olması, eləcə də iki ölkə arasında humanitar və akademik əlaqələrin daha da inkişafına xidmət edəcək.