01 aprel 2026 15:48
117

Rəqəmsal oyun ekosisteminin inkişafını dəstəkləyən Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı əsasında ərsəyə gələn Xsolla-IDDA İnkubasiya Proqramına qeydiyyat başlayıb. “İki sahil” xəbər verir ki, proqram Azərbaycan və regionun fərdi oyun tərtibatçıları, eləcə də erkən mərhələdə olan oyun komandaları üçün ideyadan başlayaraq minimal işlək məhsulun yaradılmasını əhatə edən inkişaf strategiyası, beynəlxalq ekspertlərdən mentorluq dəstəyi və peşəkar bacarıqların inkişafı istiqamətində geniş imkanlar yaradır. 

Xsolla-IDDA İnkubasiya Proqramı bu ilin aprel–iyun aylarında hibrid formatda (oflayn və onlayn) ingilis dilində keçiriləcək. Proqram çərçivəsində iştirakçılara 50-dən çox beynəlxalq oyun sənayesi eksperti ilə işləmək imkanı yaradılacaq, fərdi mentorluq sessiyaları təşkil olunacaq, həmçinin oyun dizaynı, oyun tərtibatçılığı və biznesi üzrə ixtisaslaşmış təlimlər keçiriləcək. Bununla yanaşı, iştirakçılara “go-to-market” strategiyasının hazırlanması və komanda inkişafı istiqamətində dəstək göstəriləcək. 

Ümumilikdə, proqramda seçim mərhələsini uğurla tamamlayan 15 iştirakçının – fərdi tərtibatçıların və ya komandaların iştirakı nəzərdə tutulur. Proqramın sonunda ən yüksək nəticə göstərmiş 4 studiyaya xüsusi mükafatlar təqdim ediləcək. Qaliblər 2026-cı ildə Almaniyanın Köln şəhərində keçiriləcək “Gamescom Cologne” beynəlxalq sərgisinə iki nəfərlik səfər imkanı əldə edəcək, həmçinin “Xsolla” şirkətinin oyun nəşri və monetizasiya alətlərinə pulsuz çıxış qazanacaqlar. Bununla yanaşı, qaliblər investor və oyun nəşriyyatçıları ilə görüşlərdə iştirak edəcək və əlavə olaraq 12 ay müddətində mentorluq dəstəyi ala biləcəklər. 

Proqrama müraciət üçün son tarix 14 aprel 2026-cı ildir. 

Müraciətlər və proqram haqqında ətraflı məlumat üçün link:

https://forms.gle/7B8Y7AD3mjG95iU47