01 aprel 2026 18:07
105

Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunu davam etdirir

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari il mayın 31-dək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərə elektron sənəd qəbulunu davam etdirir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdikləri təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilərlər (qadın cinsli vətəndaşların qəbulu yalnız Heydər Əliyev adına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi həkim” və “Hərbi feldşer işi” ixtisaslarına nəzərdə tutulub).

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin Çağrı mərkəzi - *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected]  elektron poçt ünvanı fəaliyyət göstərir.

“Fəxr edəcəyin gələcəyi seç!”, - deyə məlumatda vurğulanıb.