02 aprel 2026 10:41
82

Rusiya benzinin ixracına məhdudiyyətləri genişləndirdi

Rusiya hökuməti benzinin ixracına tətbiq olunan məhdudiyyətləri birbaşa neft məhsulları istehsalçılarına da şamil edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, müvafiq qərar imzalanaraq hökumətin rəsmi saytında dərc olunub. Qərara əsasən, bu məhdudiyyətlər 31 iyul 2026-cı il tarixinədək qüvvədə olacaq.

Qərarın izahında bildirilir ki, bu addım yüksək mövsümi tələbat və kənd təsərrüfatı sahəsində aparılan işlər dövründə daxili yanacaq bazarında sabitliyin qorunması məqsədi daşıyır. Eyni zamanda qeyd olunur ki, Yaxın Şərqdə mövcud geosiyasi vəziyyət səbəbindən dünya neft qiymətlərinin artması da bu tədbirlərin görülməsini zəruri edib.

Bununla belə, məhdudiyyətlər hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklərə şamil olunmur.

Xatırladaq ki, Rusiyada benzinin ixracına tam qadağa ilk dəfə 31 avqust 2025-ci ildə tətbiq olunmuşdu. Bu qərar yanacağın topdansatış və pərakəndə qiymətlərində kəskin artımla əlaqədar qəbul edilmişdi. Qadağa 2026-cı ilin yanvar ayının sonunda ləğv edilsə də, fevral ayında baş nazirin müavini Aleksandr Novak ixracın yenidən məhdudlaşdırıla biləcəyini istisna etməmişdi. Bununla yanaşı, o qeyd etmişdi ki, həmin vaxt belə bir addıma ehtiyac yoxdur.