Texnologiya nəhəngi "Apple" smartfon bazarında mövqelərini daha da gücləndirmək üçün genişmiqyaslı hücuma hazırlaşır. Şirkət 2026-cı ilin ikinci yarısı və 2027-ci ilin birinci yarısı aralığında ən azı beş yeni "iPhone" modeli buraxmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Nikkei Asia" nəşri özünün etibarlı mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, gözlənilən "iPhone 18" seriyası və tamamilə yeni, nazik korpuslu "iPhone Air" modelinin rəsmi təqdimatı gələn ilin əvvəlində baş tutacaq.
İnsayderlər qeyd edir ki, "Apple" qatlanan ekranlı cihazların istehsal planına da ciddi şəkildə yenidən baxıb və hədəfləri böyüdüb. Korporasiya artıq öz tədarükçülərinə xəbərdarlıq edərək, cari ildə təqribən 10 milyon ədəd qatlanan "iPhone" istehsalı üçün hazırlıq görmələrini tələb edib. Qeyd edək ki, bundan əvvəlki proqnozlar cəmi 7–8 milyon cihaz ətrafında dəyişirdi.
"Nikkei Asia" vurğulayır ki, ABŞ korporasiyası komponent (hissə) qıtlığı ilə mübarizədə rəqiblərinə nisbətən daha uğurlu strategiya nümayiş etdirir. Məsələn, çinli "Xiaomi" kimi rəqiblər tədarük problemlərinə görə istehsalı azaltmaq məcburiyyətində qaldığı halda, "Apple" sabitliyini qoruyur.