03 aprel 2026 00:15
114

Vətən müharibəsinin “baş məşqi” - Aprel döyüşləri göstərdi ki...

2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə başlanan dördgünlük müharibənin nəticələri bir neçə məsələyə aydınlıq gətirdi.  Əvvəla qeyd edək ki, bu, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüşdür. İldırım sürəti ilə aparılan döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Suqovuşan və Qazaxlar kəndi ərazisindəki yollar, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndləri istiqamətində strateji yüksəkliklər və yollar düşməndən azad olundu. Bununla da Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə uydurulmuş mif darmadağın edildi, təbliğat maşını sıradan çıxarıldı.

Aprel döyüşləri göstərdi ki, bədxahlarımızın nağıllarına baxmayaraq Azərbaycan hərb yolu ilə öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir; Azərbaycan cəmiyyəti möhkəm birliyini göstərdi. Ermənistanın keçilməz adlandırdığı “Ohanyan xətti”nin cəmi qırx beş dəqiqəyə darmadağın edilməsi qurama dövlətin rəhbərlərinin lovğalıqla hamını aldatdıqları üzə çıxdı. Azərbaycan Ordusu nümunəvi döyüş qabiliyyətini nümayiş etdirdi. Prezident İlham Əliyevin hadisələrdən əvvəl ərazi bütövlüyünün bərpası ilə bağlı verdiyi bəyanatları bu döyüşlərlə bir daha təsdiqləndi. Ermənistanın bütün sahələrdə gücsüzlüyü və ordusunun döyüş qabiliyyətinin çox zəif olduğu dünyaya məlum oldu. O cümlədən Ermənistanın xarici havadarlarına ağır zərbə vuruldu. ATƏT-in Minsk qrupunun fərsizliyi və fəaliyyətsizliyi bir daha sübuta yetirildi. Ermənistan hərbi-siyasi-ideoloji xülyalarının puç olduğunun əsası qoyuldu. O vaxtkı prezident Serjik Sarkisyana qarşı müxtəlif ittihamlar qaldırıldı, o, Aprel döyüşləri məğlubiyyətinin əsas günahkarı hesab edildi. Serjik Sarkisyan aprel məğlubiyyətinin səbəbini əsaslandıra bilmədi. Xocalı sakinlərinin qatili hakimiyyətdə olduğu müddətdə ilk dəfə Azərbaycan əsgəri tərəfindən sarsıdıcı zərbə aldı. Həmin günlər İrəvan-Moskva danışıqları intensivləşdi. Ermənistanın xahişi, Rusiyanın istəyi və vasitəçiliyi ilə 2016-cı il aprelin 5-də tərəflər atəşkəsə razılaşdılar.

Aprel döyüşləri Ermənistanın oyuncaq dövlət regionda başqalarının sifarişini yerinə yetirən, ianə ilə dolanan vassal olduğunu açıq-aşkar göstərdi. Həmin məqamda Türkiyə, Pakistan, Ukrayna və başqa dövlətlərin Azərbaycanla dost, sarsılmaz müttəfiq olduqları bir daha təsdiqləndi və s.

Azərbaycan Aprel müharibəsi ilə regionda maraqları olan dövlətlərə və ermənlərin havadarlarına sübut etdi ki, regionun təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. Cənubi Qafqazda işğalçılıq yolu tutan, təhlükəsizliyi və əməkdaşlığı təhdid edən, dinc yanaşı yaşamağa mane olan dövlət isə Ermənistandır. Rəsmi Bakı Aprel hadisələri ilə ədalətsiz yol tutan beynəlxalq güclərə, erməni lobbisinə, onların havadarlarına öz ərazilərini hərb yolu ilə azad etməyə qadir olduğu mesajını verdi. Bu müharibədə Ermənistan hərb maşını sındırıldı. Dördgünlük müharibə 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi və Bakıda möhtəşəm Qələbə paradı ilə yekunlaşdı. Bununla da haqq-ədalət öz yerini tutdu.

Ancaq burada bir nüansı qeyd etməliyik ki, Azərbaycan cəmiyyətində hər ilin aprel ayı əvvəllər bir məyusluq da yaradırdı. Yaddaşımızdan çıxara bilmərik ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətini ermənilərlə bolşeviklər işğal edərək qanuni xalq hakimiyyətini zorla deviriblər. Ancaq 2016-cı ilin Aprel döyüşlərinin misilsiz qəhrəmanları bu ayı Azərbaycana şərəfli tarix olaraq təqdim etdilər.

Dördgünlük müharibə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini göstərməklə bərabər, onun əhval-ruhiyyəsini xeyli yüksəltdi. Bu qalibiyyətli döyüş 2020-ci il sentyabr müharibəsinin “baş məşqi” oldu.

Vəli İlyasov, “İki sahil”