03 aprel 2026 12:38
110

Avropa uzunmüddətli böhrana hazırlaşmalıdır - Dan Yorgensen

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen Financial Times (FT) qəzetinə müsahibəsində bildirib ki, İranla bağlı müharibə səbəbindən Avropa “uzunmüddətli enerji şokuna” hazırlaşmalıdır.

“İki sahil” xəbər verir ki,  onun sözlərinə görə, Avropa İttifaqı müxtəlif ssenariləri nəzərdən keçirir və yanacaq çatışmazlığı ilə mübarizə üçün bütün mümkün variantları dəyərləndirir. Ən pis ssenariyə istehlakın normalaşdırılması, eləcə də ehtiyatlardan daha çox neftin bazara çıxarılması daxildir.

“Bu, uzun sürən böhran olacaq… enerji qiymətləri çox uzun müddət yüksək qalacaq,” - deyə Yorgensen bildirib. O əlavə edib ki, aparılan təhlillərə əsasən, vəziyyətin uzanacağı şübhə doğurmur və ölkələr özlərini tam təmin etmək üçün lazımi addımlar atmalıdır.

Komissarın sözlərinə görə, hazırda Avropa İttifaqı münaqişənin “struktur və uzunmüddətli nəticələri” ilə mübarizə planları üzərində işləyir.

Dan Yorgensen həmçinin təsdiqləyib ki, Avropa İttifaqı bu il Rusiya qazının idxalını dayandırmaq planlarında dəyişiklik etməyi düşünmür. O qeyd edib ki, bunun əvəzinə ABŞ və digər tərəfdaşlardan tədarükə üstünlük vermək daha məqsədəuyğun sayılır, çünki bu ölkələr sərbəst bazar prinsipləri ilə fəaliyyət göstərirlər.