03 aprel 2026 17:58
119

Qərbi Azərbaycana qayıdış: Ümiddən əminliyə

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İndi Qərbi Azərbaycana böyük qayıdış məsələsi bizim strateji hədəfimizdir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır.

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərdən biridir. Bu ərazilər əsrlər boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş zorakı deportasiyalar və etnik təmizləmə nəticəsində azərbaycanlılar öz doğma yurdlarından məhrum edilmişdir. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısı daim vurğulayır ki, Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə fəaliyyəti gücləndirilməli və tarixi torpaqlarımızda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Ölkə başçısı bu məsələnin həm daxili, həm də beynəlxalq səviyyədə həllini tapması üçün ardıcıl səylər göstərir. Bildirilir ki, öz doğma torpaqlarına qayıtmaları onların beynəlxalq hüquqa söykənən təməl haqqıdır. Bu mənada Qərbi azərbaycanlıların hüquqlarının sülh yolu ilə təminatı üçün əsas şərtlərdən biri beynəlxalq müstəvidə fəallığı artırmaqdır.

Bu gün dövlətimizin başçısının milli maraqlara və beynəlxalq hüquqa söykənən siyasi kursu nəticəsində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görülür. Qərbi Azərbaycan İcması istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda fəal lobbiçilik fəaliyyəti həyata keçirir, həqiqətləri olduğu kimi təqdim edir. Dövlətimizin başçısının uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılıb.

Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi zərurətdir. Ermənistan hakimiyyəti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh və təhlükəsiz şəraitdə yaşamalarını təmin etməlidir. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaları onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Qeyd edilməlidir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki böyük Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb. Bu mənada bu gün Qərbi Azərbaycan mövzusu ümiddən daha çox əminliyə çevrilib. Hazırda bu istiqamətdə görülən işlər Qərbi Azərbaycana qayıdış prosesinin möhkəmlənməsinə, ictimai həmrəyliyin genişlənməsinə mühüm töhfə verir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm”.

Azərbaycan xalqı əmindir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, uzaqgörən strategiyası, Zəfər diplomatiyası, uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi Azərbaycandan olansoydaşlarımız tezliklə öz doğma torpaqlarına qayıda­caqlar.

Zahid Rza, “İki sahil”