04 aprel 2026 13:18
99

"Banderazo" faciə ilə bitdi

Perunun "Alexandro Villanueva" stadionunda azarkeşlərin keçirdiyi kütləvi aksiya zamanı yaranan izdiham nəticəsində azı 1 nəfər ölüb, 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İki sahil” ANSA-ya istinadla xəbər verir ki, ölkənin səhiyyə naziri Xuan Karlos Velasko hadisə ilə bağlı son rəqəmləri təsdiqləyib. Nazirin sözlərinə görə, hadisəyə stadionun daxilində azarkeşlərin bir-birini sıxışdırması və yaranan nəzarətsiz kütlə axını səbəb olub.

Hadisənin ilk dəqiqələrində yerli mətbuatda stadionun cənub tribunasının divarının uçması barədə məlumatlar yayılsa da, rəsmi qurumlar bu iddiaları təkzib edib. Yanğınsöndürmə xidmətinin nümayəndələri tribunanın tam vəziyyətdə olduğunu, heç bir uçqunun baş vermədiyini bildiriblər.

Məlumata görə, "Alianza Lima" azarkeşləri mühüm oyun ərəfəsində komandaya dəstək olmaq üçün "Banderazo" (kütləvi bayraq yürüşü) təşkil ediblər. Bayram ab-havasında başlayan tədbir qəfildən idarəolunmaz kütlə hərəkətinə çevrilib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma aparılır. Yaralıların vəziyyəti nəzarətə götürülüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”