05 aprel 2026 22:34
121

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib

Aprelin 5-də Qərbi Azərbaycan İcmasının Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə əslən Basarkeçərdən olan və 2025-ci ildə müxtəlif sahələrdə uğur qazanmış gənclərlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Basarkeçər Rayon İcmasının sədri tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramov tədbirin məqsədinin ötən il müxtəlif sahələrdə uğur qazanmış gənclərin nailiyyətlərini qeyd etmək və onların fəaliyyətini stimullaşdırmaq olduğunu söyləyib.

Sonra çıxış edən İcmanın Ağsaqqallar Şurasının sədri, akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan gənclərinin hər zaman ictimai fəallıqları ilə seçildiyini bildirib. Qeyd edib ki, gənclər cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvədir və onların təşəbbüskarlığı ölkənin inkişafına mühüm töhfə verir. Akademik həmçinin vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı həqiqətlərin qorunması və beynəlxalq müstəvidə təbliği istiqamətində gənclərin iştirakı xüsusi əhəmiyyət daşıyır və bu sahədə onlara hər zaman dəstək göstərməyə hazırdır.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Basarkeçər rayonunun Qərbi Azərbaycan tarixində və ictimai həyatında xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Basarkeçər bölgəsi Qərbi Azərbaycanda azərbaycanlıların ən sıx yaşadığı rayonlardan biri olmaqla yanaşı, həm də geniş coğrafiyanı əhatə edən böyük mahalın tərkib hissəsi olub. Tarixən Basarkeçər rayonu həm təhsil, həm də ictimai fəallıq baxımından seçilib və ali məktəblərə qəbul göstəricilərinə görə daim ön sıralarda yer alıb. Bu rayonun yetirmələri Qərbi Azərbaycan İcmasının formalaşmasında, təşkilatlanmasında və fəaliyyətində hər zaman mühüm rol oynayıblar və bu ənənə davam edir.

Ə.Ələkbərli çıxışında gənclərin uğurlarının yüksək qiymətləndirildiyini qeyd edərək bildirib ki, bu nailiyyətlər gələcək nəsillər üçün örnəkdir. O vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının yaradılması tarixi torpaqlara qayıdış ideyasının həyata keçirilməsi baxımından mühüm bir mərhələdir və bu, dövlət səviyyəsində dəstəklənən strateji istiqamətdir. Deputat bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərdə və qəbul olunan sənədlərdə qayıdış məsələsinin prioritet kimi irəli sürüldüyünü diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Milli Məclisin deputatlarından Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, deputat Qaya Məmmədov çıxış ediblər. Çıxışlarda gənclərin potensialının daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Həmçinin vurğulanıb ki, Qərbi Azərbaycan mövzusu bu gün yalnız regional deyil, eyni zamanda, milli kimlik və tarixi yaddaş məsələsidir. Gənclər Qərbi Azərbaycan həqiqətlərini dərindən öyrənməli, bu istiqamətdə maariflənməli və gələcəkdə bu ideyanın daşıyıcısı olmalıdırlar.

Daha sonra gənclərdən idman sahəsində nailiyyət qazanan Leyla Camalzadə, təhsil sahəsində fərqlənən Murad Əliyev, sosial fəaliyyət və liderlik istiqamətində uğur qazanan Nicat Əliyev, karyera və peşə sahəsində uğur əldə etmiş Başxanım Mahmudlu çıxış edərək gələcək hədəfləri barədə fikirlərini bölüşüblər.

Sonda ötən il müxtəlif sahələrdə uğur qazanmış 70-ə yaxın gənc Basarkeçər Rayon İcması tərəfindən təltif olunub.