Müsbət tendensiyası olduğu kimi, riskli məqamları da mövcuddur
İsrail, ABŞ-İran müharibəsi artıq regional miqyasdan çıxaraq beynəlxalq münaqişəyə çevrilib. Xüsusilə müharibənin yaratdığı qlobal problem İranın Hörmüz boğazını bağlanması ilə daha da qabarmış oldu. Belə ki, boğazdan keçən gəmilərin qarşısı alınmaqla qitələrarası neft və maye qaz daşınmaları əngəllənib. Nəticədə neft və qaz daşınmalarının xərci artmaqla dünya bazarlarında qiymətlər də ciddi şəkildə yüksəlib.
Məhz bu səbəbdən də dünya bazarında Azərbaycan neftinin də qiymətində ciddi artımlar yaranıb. Belə ki, hazırda «Azeri Light» markalı neftin bir barelinin qiyməti 132,35 dollara çatıb. Xatırladaq ki, «Azeri Light» neftinin ən maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları civarında olmuşdu.
Məlumdur ki, Azərbaycanın cari dövlət büdcəsində neftin bir barelinin orta qiymətini 65 dollardan hesablanıb. Belə yüksək artım isə dövlət büdcəsinə əlavə valyuta axınlarını gücləndirir. Təbii ki, neftdən gələn əlavə gəlirlər 2026-cı il büdcəsini möhkəmləndirərək dövlət investisiyaları üçün yeni mənbələr təşkil edəcəkdir.
Xüsusi vurğulanmalıdır ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya qoyulan embarqolar nəticəsində indi Azərbaycan Avropanın mühüm enerji tədarükcülərindəndir. Xüsusilə qaz ixracının artması həm SOCAR-ın, həm də onun tərəfdaşlarının gəlirlərini artırır. Bütün bunlar beynəlxalq reytinq qurumlarının qiymətləndirməsinə görə, Azərbaycan üçün makroiqtisadi dayanıqlılığı da gücləndirir.
Düzdür, neftimizin qiymətinin artması yaxşı hal olsa da bəzi hallarda iqtisadi risklər də yaradır. Belə ki, beynəlxalq «ING Group» şirkətinin yaydığı hesabatda bildirir ki, Azərbaycanın idxalının böyük bir hissəsi Yaxın Şərqdəki vəziyyətlə bağlı inflyasiya risklərinə məruz qalan regionlardan daxil olur ki, bu da ölkədə istehlak qiymətləri indeksinə mənfi təsir göstərir.
Ancaq burada bir ciddi istisna var ki, bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələr sırasındadır. Ona görə də ölkəmizin idxaldan asılılığı həm neftdən gələn gəlirlərlə, həm də qeyri-neft sektorundakı artımlarla sabitlənir.
Əvəzində bu müharibələrdən və neftin qiymətinin artmasından əziyyət çəkən aşağı gəlirli ölkələr olacqdır. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, bu ölkələrdə ərzaq xərcləri ümumi istehlakın təxminən 36 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici inkişaf etməkdə olan ölkələrdə 20 faiz, inkişaf etmiş ölkələrdə isə cəmi 9 faiz səviyyəsindədir.
Belə kritik hallarda beynəlxalq maliyyə təşkilatları tövsiyyələrində bildirirlər ki, risklə üzləşmiş ölkələr ehtiyatlarını qoruyub saxlamağa diqqət yetirməlidirlər. Əks halda Yaxın Şərqdəki müharibənin uzanması bir çox ölkələri ciddi çətinliklər qarşısında qoya bilər.
Elçin Zaman, "İki sahil"
Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında möhkəmləndirilir
Azərbaycan və Gürcüstan arasında tarixi əlaqələr dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir