06 aprel 2026 16:10
240

Azərbaycan-Gürcüstan: Bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir. Dövlətimizin başçımızın bu səfəri təkcə ikitərəfli əlaqələrin inkişafına deyil,  Azərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və gələcək inkişaf üçün möhkəm zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir: “Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Azərbaycan və Gürcüstan arasında yalnız ikitərəfli diplomatik və iqtisadi əməkdaşlıq deyil, həm də parlamentlərarası münasibətlərin inkişafı da diqqət çəkir. İki ölkənin qanunverici orqanları arasında davamlı əlaqələr və təcrübə mübadiləsi iki ölkə arasında qanunvericilik və siyasi dialoqun daha şəffaf və effektiv aparılmasına imkan yaradır. Ölkələrimizin ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Cənab Prezident İlham Əliyev də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycanla Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyib və dəstəkləyəcək”.

S.Salmanova qeyd edib ki, bu gün Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf etməkdədir: “İki ölkə enerji, nəqliyyat və ticarət sahələrində sıx əməkdaşlıq edir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığın bariz nümunəsidir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Möhtərəm Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti bu reallıqlara yönəldərək bildirdi ki, əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaşlıq şəraitində yaşayıb. Bu gün bu ənənələr davam edir. Hesab edirəm ki, bu münasibətlər bölgədə nümunəvi qonşuluq əlaqələrini əks etdirərək gələcəkdə də davam edəcək və yeni layihələrə yol açacaq”.