Türkiyənin Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataş və Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub.
“İki sahil” xəbər verir ki, rektor Elmar Qasımov qonaqları Ali Məktəbin kampus binası, buradakı infrastruktur, laboratoriyalarla tanış edib.
Keçirilən geniştərkibli görüşdə rektor tədris proqramları barədə ətraflı məlumat verərək, onların sənayenin tələblərinə uyğun şəkildə formalaşdırıldığını və BANM-in universitet–sənaye əməkdaşlığının uğurlu nümunələrindən biri olduğunu vurğulayıb.
Türkiyənin Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataş isə elmi-tədqiqat layihələrində ali təhsil müəssisələrinin mühüm rol oynadığını vurğulayaraq, Bakı Ali Neft Məktəbi haqqında yüksək təəssüratlarının formalaşdığını bildirib.
Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Bakı Ali Neft Məktəbində tətbiq olunan müasir tədris yanaşmalarını və yüksək ixtisaslı kadr hazırlığı modelini yüksək qiymətləndirdiyini vurğulayaraq Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarının Nazirliyin həyata keçirdiyi layihələrdə fəal iştirak etdiyini qeyd edib.
Görüş zamanı perspektiv layihələr və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.