Xarici siyasətində ikitərəfli və çoxtərəfli münasibətlərin qurulmasında və inkişafında maraqlı olan Azərbaycanın bu istiqamətlərdə əldə etdiyi uğurlar göz önündədir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir ölkə ilə əlaqələrini qarşılıqlı hörmət və maraq prinsipi əsasında quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Bu baxımdan ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsini şərtləndirən amillər sırasında müstəqil siyasəti əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında hər zaman bu fikir xüsusi yer tutur ki, atdığımız addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək üçün deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Ölkəmizin uğurlarını həzm etməyən dairələrin göstərdikləri cəhdlərin qarşısında dayanan reallıqlarımız bir daha təsdiqləyir ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil.
Təbii ki, xarici siyasətimizin prinsiplərinə qısa baxış səbəbsiz deyil. Azərbaycan-İsrail münasibətlərindən zaman-zaman narahatlıq keçirən dairələrin işartıları İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra yenidən görünməyə başladı. Bu reallıq həmin dairələrə çox yaxşı bəllidir ki, Azərbaycan İsraillə münasibətlərini inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, ortaq mədəniyyəti, dili bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olmuş, bu ölkə əhalisinin çoxluğunun keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməmişdir. İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya etmiş, orduda, parlamentdə təmsil olunurlar. Türkiyə, Misir kimi İslam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də həmin ölkələrin İsraillə əlaqələri kifayət qədər sıxdır.
İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də Azərbaycan deyil. Məlum olduğu kimi, İsrailin Baş naziri Azərbaycandan sonra Qazaxıstana da səfər edəcək. İsrail rəsmisi ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdə İsraillə Azərbaycan arasında mükəmməl münasibətlərin və uzunmüddətli dostluğun mövcud olduğunu bildirib. Ölkəmizə ikinci dəfə səfər etməkdən məmnunluğunu ifadə edən B.Netanyahu bu fikri xüsusi vurğulayıb: “Sizin qoruduğunuz inklüzivlik və tolerantlıq ənənəsi sayəsində yəhudi milləti burada özünü çox rahat hiss edir. Eyni zamanda İsraildə də Azərbaycandan olan yəhudilər yaşayır və onlar iki dövlət arasında körpü rolunu oynayır.”
Tarixə nəzər salaq. Azərbaycan dövləti Fələstin administrasiyası ilə 1992-ci ilin 15 aprelində diplomatik əlaqələr qurmuş, bu əlaqələrdə dostluq, qardaşlıq, xalqların BMT çərçivəsində hüquqlarını müdafiə prinsiplərinə həmişə sadiq olmuşdur. 1995-ci ilin 22 oktyabrında ulu öndər Heydər Əliyev Nyu-Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfatla görüşmüşdür. Ölkə Prezidenti İlham Əliyev də bu əlaqələrin inkişafına xüsusi həssaslıq göstərmiş, bu gün Bakıdakı Fələstin səfirliyi məhz Azərbaycanın vəsaiti ilə fəaliyyət göstərir. Azərbaycanın dəvəti ilə 2011-ci ilin iyunun 28-də Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Bakıya səfər etmişdir.
İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatlarda aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstini dəstəkləmişdir. Azərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, UNESCO-nun və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən 20-dən artıq qətnamənin lehinə səs vermişdir. Azərbaycan Fələstin məsələsini BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil etmişdir.
Azərbaycan rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasına tam dəstəyini bəyan etmişdir.
Ölkəmiz Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə 2012-ci il ərzində humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərmiş, 2013-cü il iyunun 11-də Bakıda İƏT Xarici İşlər Nazirlərinin Qüds şəhərinə dəstək məqsədilə donor konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilmişdir. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə Azərbaycan tərəfindən maliyyə yardımı ayrılmışdır. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Azərbaycan müsəlman həmrəyliyinin gücləndirilməsinə, eyni zamanda Qərblə müsəlman dünyası arasında gərginliyin aradan qaldırılmasına böyük töhfə vermiş, Azərbaycan Prezidenti bütün ali tribunalardan islamofobiyaya qarşı barışmaz mövqeyini ifadə etmişdir. Dövlətimizin başçısı dəfələrlə dəvət edilməsinə baxmayaraq İsrailə səfər etməmiş, bu günə qədər İsraildə Azərbaycan səfirliyi açılmamışdır. Azərbaycan dövlətinin belə ardıcıl mövqeyi müsəlman dünyasında təqdirlə qarşılanıb, Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib.
İslam Əməkdaşlığı Təşkilatı İstanbulda keçirilən 13-cü zirvə görüşündə Azərbaycanı müdafiə edən qətnaməsində də ölkəmizin islamofobiyaya qarşı mübarizəyə, müsəlman həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə xüsusi olaraq vurğulanmışdır.
Bütün bunlardan sonra hər hansı bir dövlətin və ya həmin dövlətdəki müəyyən çevrələrin Azərbaycanın İsraillə əlaqələrini təftiş etməsi mənasızdır. Azərbaycanın belə prinsipiallığı fonunda bizi ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar. İranın bütün sabiq prezident və vitse-prezidentləri Ermənistana səfər etmiş və Ermənistanın prezident, baş nazir və digər ali rəsmi şəxslərini öz ölkələrində yüksək səviyyədə qarşılamışlar. Bunu İranın milli maraqları ilə əsaslandırmağa çalışmışlar. İranla Ermənistan arasında viza rejimi qaldırılmış, hazırda İran Prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır. Bu zaman nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində 1 milyondan çox müsəlman-şiənin doğma yurd-yuvasından didərgin salınması nəzərə alınmır, İran ali dinli liderinin Ermənistana hər cür əlaqələri yasaq edən fətvası da unudulur. Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan İran nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmır. Hər zaman “neytral” mövqe diqqətdən kənarda qalmır. Bu “neytrallığın” nəticəsidir ki, işğalçı dövlət münaqişənin həllində İranın vasitəçilik missiyasını yerinə yetirməsinin tərəfdarıdır. Məlum olduğu kimi, rəsmi Ankara dəfələrlə vasitəçi olmağa hazır olduğunu bəyan etsə də, Ermənistan tərəfi buna sərt reaksiya bildirərək, bu addımın mümkünsüzlüyünü, Türkiyənin münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirə bilməzliyini bəyan edib. Sual olunur: nə üçün işğalçı ölkə Türkiyənin vasitəçiliyini qəbul etmir? Bunu belə əsaslandırır ki, Türkiyə Azərbaycanı dəstəkləməklə birtərəfli mövqedə dayanır. Ədaləti, haqqı müdafiə etmək nə zamandan birtərəflilik kimi qəbul olunub? İranın Ermənistana dəstəyinin adı nədir?
Reallıq budur ki, Azərbaycan İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. Bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.
Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb.
Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər. Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər.
İsrailli politoloqlar da bu reallığı ifadə edirlər ki, Azərbaycan-İsrail münasibətləri kimlərdəsə ciddi narahatlıq yaradırsa, demək bu münasibətlər həqiqətən yüksək səviyyədə inkişaf edir. Bildirilir ki, bizim üçün ən başlıca məsələ dostlarımızın bizim haqqımızda nə düşünməsidir. Ölkə rəhbərliyi heç kəsin təhdid və şantajına baxmayaraq, öz xarici siyasətini müstəqil həyata keçirir. Azərbaycan-İsrail münasibətləri həqiqətən yüksək səviyyədədir. Ölkələrimiz arasında telekommunikasiya və turizm sahəsində ciddi əməkdaşlıq mövcuddur. Əlbəttə ki, müdafiə sahəsində əməkdaşlıq da xüsusi vurğulanmalıdır.
Təhlillər fonunda “öz gözündə tiri görməyib başqasında çöp axtaran” dövlətlərə bir daha ədalətin ən böyük meyar olduğunu xatırlatmaq istərdik.
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu