14 dekabr 2016 17:54
353

Əbülfəs Qarayev tədbirlərdə iştirak edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 13-də “Şahdağ” Turizm Mərkəzində hesabat xarakterli müşavirədə iştirak edib. Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, mərkəzdə başa çatdırılan bəzi tikinti işləri, kanat yollarının texniki hazırlığı, birləşmiş istilik-elektrik mərkəzinin fəaliyyəti ilə tanış olduqdan sonra nazirə mərkəzin müdiriyyəti və burada fəaliyyət göstərən hotellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri tərəfindən görülən və icrası planlaşdırılan işlərə dair hesabat məruzə edilib.

Məlumat verilib ki, qonaqların mükəmməl istirahətini təşkil etmək üçün 2016-cı il ərzində həm texniki, həm də xidmət sahəsində çalışan işçilərə 100-dən çox təlim təşkil olunub. Məhz bunun göstəricisidir ki, dünya üzrə hotellərin reytinqini təşkil edən www.booking.com saytının qiymətləndirilməsinə əsasən “Şahdağ Hotel və Spa” 9.0 balla qiymətləndirilərək, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutub. Əbülfəs Qarayev eyni zamanda mərkəzin baş layihəçisi, eləcə də yerli və xarici podratçı təşkilatların rəhbərləri, Fövqaladə Hallar Nazirliyinin nümayəndələri ilə işlərin gedişini ətraflı müzakirə edib, müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlar verib.

Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində bu il qış mövsümü üçün hazırlıq işlərinin başa çatdırıldığı, eləcə də yeni mövsümdə planlaşdırılan tədbirlər barədə nazirə geniş məlumat verilib.

Bundan əlavə, Qusar rayon bələdiyyə rəhbərləri, icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə görüş də təşkil olunub ki, burada Nazirlər Kabinetinin 01 avqust 2016-cı il tarixli qərarına əsasən yaradılmış Qusar Turizm və Rekreasiya Zonası haqqında informasiya verilib və bildirilib ki, zonanın yaradılmasının əsas məqsədi regionun vahid turizm idarəetməsinə nail olmaqdır. Sözügedeən zonanın idarəçiliyi Qusar Turizm və Rekreasiya Zonası Şurasına həvalə olunub ki, “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov eyni zamanda şuranın sədri təyin edilib. Görüş zamanı məlumat verildi ki, yaradılacaq turizm və rekreasiya zonasına dair məlumatların toplanması və tövsiyələrin təqdim edilməsi, bunların əsasında isə baş planın hazırlanması nəzərdə tutulur. Burada inventarlaşdırma, elektron bazanın yaradılması, tarixi –mədəniyyət abidələrinin turizm obyektləri kimi təqdim olunması, rəqabətqabiliyyətli kadr hazırlığının təşkili, turistik marşrut xəritələrinin hazırlanması, xalq sənəti istehsalının inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və s. bu kimi məsələlər vurğulanıb, bu cür turistik zonaların yaradılmasında beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi qeyd olunub.

Məhərrəm Ağalaroğlu