10 aprel 2026 17:23
167

Qala divarının zədələnmiş hissəsi beynəlxalq standartlara uyğun bərpa ediləcək

Son 10 gündə Bakıda və regionlarda yağan intensiv yağışlar bəzi  fəsadları ilə yadda qaldı. O cümlədən İçərişəhər ərazisindəki Qala divarının bir hissəsində qismən dağılma baş verdi. Məhz bu dağılmanın dərhal bərpası və genişlənməməsi üçün  dövlət tərəfindən  operativ tədbirlər görülür.  Bu barədə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

O da bildirilib ki, hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub. Mütəxəssislər qrupu uzun illər beynəlxalq təcrübəyə malik olmaqla yanaşı, Azərbaycanda da bir sıra mühüm tarixi abidələrin bərpasında iştirak etmişdir. Onların həyata keçirdiyi layihələr sırasında Qız qalası, Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı Kompleksi və digər mühüm abidələr yer alır. Həmçinin mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.

Məlumatda qeyd olunur ki,  növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək. Vurğulanıb ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunub.

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirir ki, ölkəmizin ən mühüm tarixi-mədəni irs nümunələrindən olan qala divarlarının qorunması prioritet vəzifədir. Qala divarlarında son illər ərzində hissəvi bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilib. Hazırda bu tədbirlər mərhələli plan çərçivəsində davam etdirilir və İsmailiyyə Sarayına bitişik hissəni əhatə edir. Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 

Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi təşşəbüsü və nüfuzu  sayəsində ölkəmizdəki bir çox tarixi binalar, xalqımızın tarixi adət- ənənələri və milli geyimlərimiz UNESCO-nun Ümumdünya İrs Siyahısına  salınıb. 1945-ci ildə Fransanın Paris şəhərində fəaliyyətə başlayan UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Bu təşkilatın siyahısında dünyanın həm maddi,  həm də mənəvi irsinin qorunması əsas istiqamətlərdən sayılır. UNESCO-nun Ümumdünya İrs Siyahısında dünyanın 134 ölkəsinin adı var. Azərbaycan 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında Memarandum imzalanıb. Azərbaycanın YUNESCO-nun Ümumdünya İrs Siyahısına salınan tarixi abidələrinin önündə məhz İçərişəhər Dövlət Qoruğu gəlir. Azərbaycan tarixi üçün yüksək əhəmiyyıətə malik olan bu qoruq 2000 –ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Şirvanşahlar Saray kompleksi, eləcə də Qız qalası da bu irsin tərkibindədir. 2013-cü ildə isə UNESCO İçərişəhərə Şirvanşahlar Sarayı və Qız qalası birlikdə gücləndirilmiş mühafizə statusu aldı. Bu statusa malik mədəni obyektlər Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokoluna qoşulan ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.    

Ümumiyyətlə, tarixi təcrübə göstərir ki,  bir çox ölkələrdə də tarixi qala divarlarının və antik konstruksiyaların belə qəfil deformasiyası halları baş vermişdir. Bu, xüsusilə açıq hava şəraitində olan müdafiə tikililəri üçün xarakterikdir. Məsələn, Böyük Çin Səddinin 30 faizdən çoxu, xüsusilə təbii aşınma və insan fəaliyyəti (daşların ev tikintisi üçün oğurlanması) səbəbindən yoxa çıxıb. 2000 ildən çox yaşı olan bu tarixi abidənin bəzi hissələri qəzalı vəziyyətdədir və 1962 km-lik hissəsi «əriyib». 1987-ci ildə UNESCO-nun siyahısına daxil edilib. Bundan başqa, Roma qala divarları (Muro Torto), Avropa ölkələrindəki qalala digər qalalar (Krakov və Avinyon) və s. kimi tarixi qalalarda, abidərdə ya torpaq sürüşmələri, ya da errorziyaya uğramalar halında dağıntlar baş verib. Hətta qədim Romada torpaq sürüşməsi zamanı bəzi tarixi qala divarlarının  tamamilə çöküb. Onların bərpası və  yenidən qurulması isə uzun bir proses olub.

Bu, bir həqiqətdir ki, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  bərpa proseslərini tarixi abidələrin orijinallığını qorumaq prinsipi əsasında, beynəlxalq standartlara uyğun şəkildə  həyata keçirir. Məlumdur ki, bu proseslərdə beynəlxalq təcrübəyə söykənərək abidələrin eyni vaxtda tam bərpası deyil, mərhələli və uzunmüddətli konservasiya yanaşması tətbiq olunur. Xüsusilə  aşınma baş verən hissələrdə əvvəllər müdaxilə aparılmaması bu sahələrin növbəti mərhələlərdə prioritet kimi nəzərdən keçirilməsi əsas istiqamət kimi  götürülür. Ən başlıcası isə idarə tərəfindən aparılan işlər uzunmüddətli qoruma və davamlılıq prinsipinə əsaslanır və birmənalı olaraq qısa müddətli kosmetik müdaxilələrə üstünlük verilmir. Eyni zamanda, ölkəmizin və xalqımızın tarixini özündə yaşadan abidələrimizin qorunması prosesi davamlı monitorinq və qiymətləndirmə ilə müşayiət olunur.

 Elçin Zaman, «İki sahil»