Azərbaycanın Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncayın rəhbərlik etdiyi heyəti qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Baş prokuror bildirib ki, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasəti nəticəsində dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətləri möhkəmlənib və bu, digər sahələrlə yanaşı, ölkələrimizin hüquq sistemləri və hüquqşünasları arasında əməkdaşlığın daha da inkişaf etməsində mühüm rol oynayır.
Bundan başqa, Can Tuncayı ədliyyə nazirinin müavini təyin olunması münasibətilə təbrik edərək, daha öncə qurulmuş səmərəli əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib.
Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkələrimizin həm ədliyyə qurumları, həm də prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar barədə fikir mübadiləsi aparılıb, konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya ilə bağlı praktiki məsələlər müzakirə edilib, bir sıra istiqamətlərdə əldə olunmuş müsbət nəticələr qeyd edilib.