11 aprel 2026 17:05
111

Sudanda humanitar aclıq böhranı davam edir

Sudanda 19 milyondan çox insan dünyada ən böyük humanitar aclıq böhranı ilə üzləşib.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.

Bildirilib ki, təxminən 45 milyon nəfər əhalisi olan ölkədə davam edən münaqişə ərzaq təhlükəsizliyinin kəskin pisləşməsinə səbəb olub.

Bundan başqa, açıqlamada qeyd olunub ki, paytaxt Xartumda Ümumdünya Ərzaq Proqramının ofisinin fəaliyyəti yenidən bərpa olunub. Qurum münaqişənin başlanmasından bəri fəaliyyətini Port Sudan şəhərindən həyata keçirirdi.

Proqramın icraçı direktorunun müavini Karl Skau Xartumda Sudanın Baş naziri Kamil İdrislə görüşdən sonra verdiyi açıqlamada şəhərdə vəziyyətin əvvəlki aylarla müqayisədə nəzərəçarpacaq dərəcədə müsbət istiqamətdə dəyişdiyini bildirib: “Şəhərdə daha çox hərəkətlilik müşahidə olunur, hava limanı fəaliyyət göstərir, insanlar yavaş-yavaş evlərinə qayıdır və həyatlarını yenidən qurmağa başlayırlar”.

Bununla belə, Karl Skau ölkənin geniş ərazilərində silahlı qarşıdurmaların davam etdiyini vurğulayıb.