Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş 3X3 Basketbol turniri keçirilib.
Turnirdən öncə 242 saylı tam orta məktəbin idman sahəsində nailiyyətləri olan şagirdlərinin nümunəvi çıxışları nümayiş etdirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan turnirin açılış mərasimində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov, 242 saylı tam orta məktəbin direktoru Sevinc Bayramova və başqaları çıxış edib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasətindən, Prezident İlham Əliyevin idmana və idmançılara olan diqqət və qayğısından danışıb, komandalara uğurlar arzu ediblər.
Çıxışlardan sonra püşk atılıb, turnirə start verilib.
Qeyd edək ki, turnirdə Nizami rayonunun 20-dək təhsil müəssisəsinin komandası iştirak edib. Olimpiya sistemi üzrə keçirilmiş turnirdə birinci yerin qalibi Kimya və biologiya təmayüllü Respublika liseyi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 145 və 242 saylı tam orta məktəblərin komandaları bölüşüblər.
Qalib komandalara kubok, medallar, diplomlar və hədiyyələr təqdim edilib.
Zamin Məmmədov, "İki sahil"