13 aprel 2026 22:05
119

FAO: Hörmüz boğazından gübrə daşınmasının dayanması qlobal ərzaq təminatında problemlər yaradacaq

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Hörmüz boğazının bağlı qalması nəticəsində gübrə daşımalarının pozulmasının cari və qarşıdakı kənd təsərrüfatı mövsümlərinə ciddi təsir göstərə biləcəyi ilə əlaqədar xəbərdarlıq edib.

“İki sahil” QNA xəbər agentliyinə istinadla bildirir ki, təşkilatın hesablamalarına görə, qlobal gübrə tədarükünün 20-30 faizi məhz bu boğazdan keçir və ya buradan ixrac olunan təbii qazdan asılıdır.

FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, vaxt sürətlə tükənir. Onun sözlərinə görə, əgər gübrə yüklü gəmilər boğazı tərk edə bilməsə, qlobal ərzaq sistemi üçün vacib resursların təminatında problemlər yaranacaq və bu, iqtisadi fəaliyyətə, eləcə də gündəlik həyata geniş təsir göstərəcək. O qeyd edib ki, hazırda Hörmüz boğazı vasitəsilə təbii qaz daşımalarında (təxminən 20 faiz) gecikmələr yaranıb. Bildirilib ki, qaz azot əsaslı gübrələrin istehsalında əsas xammaldır.

Baş iqtisadçı vurğulayıb ki, kənd təsərrüfatı dövrlərinə uyğunluğun pozulması və xüsusilə gübrələrin vaxtında çatdırılmaması fermerləri bu resurslardan istifadə etmədən əkin aparmağa məcbur edə bilər. Bu isə həm cari, həm də növbəti mövsümdə məhsuldarlığın azalmasına səbəb olacaq.

Qeyd edək ki, Yaxın Şərqdə davam edən gərginlik fonunda qlobal bazarlarda dalğalanmalar müşahidə olunur. Bu vəziyyət neft və təbii qaz qiymətlərinin artmasına, inflyasiya təzyiqlərinin güclənməsinə və kənd təsərrüfatı sektoruna mənfi təsir göstərib.

Xatırladaq ki, ABŞ və İran arasında İslamabadda aparılan danışıqlar nəticəsiz başa çatıb. Buna baxmayaraq, aprelin 8-də elan olunmuş 2 həftəlik atəşkəs qüvvədə qalsa da, ABŞ Mərkəzi Komandanlığı bu gün İran limanlarının blokadasına başlayıb.