15 aprel 2026 21:36
154

“PostEurop” rəsmisi: Oktyabrda Bakıda Baş Assambleyamız keçiriləcək, 70 illik yubiley sərgisi təşkil olunacaq

“PostEurop” təşkilatında əməliyyatlar üzrə menecer Maira Lodi bildirib ki, “EUROPA” markaları layihəsi illərdir təkcə təşkilata üzv ölkələri deyil, daha geniş coğrafiyanı əhatə edən nüfuzlu filateliya təşəbbüsünə çevrilib.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində “PostEurop” təşkilatında əməliyyatlar üzrə menecer Maira Lodi deyib.

Maira Lodi bildirib ki, bəzi hallarda “PostEurop” üzvü olmayan ərazilər də bu prosesə qoşulur: “Məsələn, Qrenlandiya “PostEurop” üzvü deyil, lakin xüsusi lisenziya alaraq “EUROPA” markaları buraxır. Bu, layihənin nə qədər cəlbedici və açıq olduğunu göstərir”.

O qeyd edib ki, kiçik coğrafi ərazilər belə bu təşəbbüsdə özünəməxsus şəkildə təmsil olunur: “Andorra çox kiçik ərazidir, İspaniya ilə Fransa arasında yerləşir. Buna baxmayaraq, burada iki poçt operatoru – İspaniyanın “Correos”u və Fransanın “La Poste”u fəaliyyət göstərir. Nəticədə biz Andorra üçün iki fərqli “EUROPA” markası görürük”.

Maira Lodi əlavə edib ki, layihədə Qrenlandiya və Farer adaları kimi ərazilərin iştirakı da filatelistlər üçün xüsusi maraq doğurur: “Bu, insanların həqiqətən sevdiyi və maraq göstərdiyi bir sahədir. Biz birlikdə bu icma üçün işlədiyimizə görə qürur duyuruq. Açığını desəm, bütün qaydalara əməl etmək, vizual materialları toplamaq və koordinasiya etmək böyük zəhmət tələb edir”.

“2026-cı il üçün “EUROPA” markalarının dizaynı vahid konsepsiya əsasında hazırlanıb. Bu il ortaq dizayn tətbiq olunur. Ekranda da gördüyünüz bu dizayn Finlandiyadan olan dizayner Klaus Welp tərəfindən hazırlanıb və təşkilata üzvlərin səsverməsi nəticəsində qalib seçilib”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, müsabiqəyə ümumilikdə 16 dizayn təqdim olunub: “Üzvlər arasında səsvermə keçirildi və qalib seçildi. Eyni zamanda, ikinci və üçüncü yerləri tutan iştirakçılar da öz dizaynları ilə marka buraxmaq hüququ əldə ediblər”.

Maira Lodi bildirib ki, bu il 50-dən çox “EUROPA” markası eyni dizayn əsasında buraxılacaq, lakin müəyyən fərqlərlə. “Bütün markalar eyni əsas dizayna malikdir, amma hər biri öz ölkəsinin adı ilə təqdim olunur. Yəni üzərində “EUROPA” yox, həmin ölkənin adı qeyd edilir. Bu isə həm vahidliyi, həm də milli identikliyi qoruyur”, – deyə o bildirib.

Həmçinin qeyd edib ki, bu buraxılışlar təşkilatın “PostEurop”un 70 illik yubileyinə həsr olunub: “Hər kəs bu yubileyi qeyd etmək istəyir. Buna görə də bəzi ölkələr, eyni zamanda, həm qalib dizaynla, həm də öz milli dizaynları ilə iki marka buraxa bilər”.

“PostEurop” rəsmisi əlavə edib ki, bütün üzv ölkələrdən gözlənilir ki, markaları 9 may – Avropa Gününədək təqdim etsinlər: “Bu tarix bizim üçün çox önəmlidir. Hazırda bütün üzvlərdən markaların toplanması prosesi gedir”.

Onun sözlərinə görə, bu prosesin davamı olaraq oktyabr ayında Bakıda genişmiqyaslı tədbir keçiriləcək: “Biz oktyabrda Bakıya yenidən qayıdacağıq. Burada Baş Assambleyamız keçiriləcək və bütün “PostEurop” üzvləri iştirak edəcək. Eyni zamanda, 70 illik yubileyə həsr olunmuş böyük marka sərgisi təşkil olunacaq”.

M.Lodi əlavə edib ki, paralel olaraq Brüsseldə də sərgi açılacaq.

Bakının inkişafına toxunan Maira Lodi şəhər barədə təəssüratlarını bölüşüb: “Mən Bakıda dəfələrlə olmuşam. İlk səfərim 2004-cü ilə təsadüf edir. O vaxtdan bəri şəhərin necə dəyişdiyini açıq şəkildə görmək mümkündür. Xüsusilə Dənizkənarı bulvarın yenilənməsi, müasir memarlıq nümunələri və “Formula 1” kimi beynəlxalq tədbirlər Bakının inkişafını göstərir”.

O, sonda vurğulayıb ki, bu kimi təşəbbüslər poçt sektorunun da dinamik şəkildə inkişaf etdiyini nümayiş etdirir: “Dəyişikliklər təkcə şəhərdə deyil, poçt sahəsində də hiss olunur. Bunları pozitiv addım kimi dəyərləndiririk”.