16 aprel 2026 00:20
109

Lənkəranda eyni magistralda iki yol qəzası baş verib - ölən və yaralananlar var

Lənkəranda baş verən yol qəzasında ölən və xəsarət alanlar var.

Hadisə köhnə Ələt–Astara magistralının 213-cü kilometrliyində, rayonun Bürcəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Səpnəkəran kənd sakini, 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev “Renault Megane” markalı, 99-SV-477 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatı zamanı idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi magistral yoldan çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişin - nəqliyyat vasitəsinin sahibi, sürücünün həmkəndlisi, 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb, o, yolda ölüb. Sadir Həmzəyevin müalicəsi isə xəstəxanada davam etdirilir.

Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Bundan başqa, həmin magistralın qəza baş verən hissəsində daha bir yol-nəqliyyat hadisəsi də qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı, 44-CD-603 dövlət qeydiyyat nişanlı avtomobil yolu əks istiqamətə keçmək istəyən piyada – Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

AZƏRTAC