"Cənubi Qafqaz bölgəsi elə bir mərhələyə daxil olur ki, ayrı-ayrı ölkələrdə baş verən siyasi proseslər artıq birbaşa regional təhlükəsizlik arxitekturasını müəyyənləşdirir. 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlıq artıq daxili siyasi mübarizə çərçivəsindən çıxaraq daha geniş strateji seçim xarakteri alır. Əslində söhbət təkcə hakimiyyət uğrunda mübarizədən deyil, Ermənistanın gələcək inkişaf yolunu – sülhə doğru dönüşü, yoxsa qarşıdurma məntiqinin qorunmasını müəyyən edəcək bir növ geosiyasi referendumdan gedir".
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, hazırkı mərhələnin əsas xüsusiyyəti Ermənistan cəmiyyətində dərin parçalanmanın mövcudluğudur. Bu gün ölkədə iki əsas istiqamət aydın şəkildə müşahidə olunur və onların hər biri müxtəlif formalarda inkişaf imkanlarını məhdudlaşdırır. Birinci istiqamət baş nazir Nikol Paşinyanın irəli sürdüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində “Real Ermənistan” konsepsiyasına əsaslanan xəttdir. Bu yanaşma formal olaraq Azərbaycanla münasibətlərin normallaşdırılmasına və regionda sülhün təmin olunmasına yönəlib. Lakin praktikada bu siyasət ehtiyatlılıq və ziddiyyətlərlə müşayiət olunur. Paşinyan bir tərəfdən Bakı tərəfindən irəli sürülən hüquqi təminat tələbləri, digər tərəfdən isə daxildə güzəştlərin siyasi sabitliyə təhlükə kimi qəbul edilməsi fonunda balans axtarmağa məcburdur.
İkinci istiqamət isə revanşist qüvvələrlə bağlıdır. Bu düşərgə uydurma “böyük Ermənistan” ideologiyasını gündəmdə saxlamaqla cəmiyyətdə emosional mobilizasiyaya çalışır. Bu prosesdə dini amildən və simvolik ritorikadan aktiv şəkildə istifadə olunur. Etiraz aksiyalarında kilsə nümayəndələrinin iştirakı ölkədəki identiklik böhranının dərinliyini bir daha göstərir. Lakin bu qüvvələrin əsas zəif tərəfi gələcəyə yönəlik real proqram təqdim edə bilməmələridir – təklif olunan model artıq iflasa uğramış keçmişə qayıdışdan ibarətdir.
Millət vəkilinin fikrincə, bu kontekstdə Azərbaycanla sülh sazişinin perspektivləri xüsusi əhəmiyyət kəsb edir. Getdikcə daha aydın görünür ki, sadəcə sənədin imzalanması uzunmüddətli sülh üçün kifayət deyil. Problemin kökü Ermənistan dövlətçiliyinin hüquqi əsaslarında dayanır. Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir və həmin sənəddə Azərbaycana qarşı iddiaları yer alır. Bu vəziyyətdə istənilən sülh sazişi Ermənistanın öz daxili hüquqi sistemi baxımından mübahisələndirilə bilər və gələcəkdə siyasi və ya məhkəmə qərarları ilə qüvvədən düşə bilər.
Məhz buna görə də Azərbaycanın mövqeyi prinsipial və praqmatik xarakter daşıyır. Söhbət sadəcə danışıqlar prosesinin formal yekunlaşmasından deyil, uzunmüddətli və dayanıqlı sülhün hüquqi əsaslarının yaradılmasından gedir. Konstitusiya səviyyəsində ziddiyyətlər aradan qaldırılmadan əldə edilən razılaşmalar yalnız müvəqqəti siyasi bəyanatlar olaraq qalacaq.
Sevinc Fətəliyeva qeyd edib ki, Ermənistanda gedən proseslər ikili xarakter daşıyır. Bir tərəfdən, sərhədlərin delimitasiyası istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur. Digər tərəfdən isə daxili siyasi gündəlik göstərir ki, ən həssas qərarların qəbulu məqsədli şəkildə təxirə salınır. “Dördüncü Respublika” konsepsiyası və yeni Konstitusiyanın qəbulu ideyası hələlik daha çox siyasi ritorika səviyyəsində qalır, mümkün referendum isə seçkilərdən sonrakı dövrə ötürülür. Bu yanaşma hakimiyyətə qısa müddətdə riskləri azaltmağa imkan versə də, əsas problemlərin həllini gecikdirir.
"Belə şəraitdə sülh perspektivləri ilə bağlı sual daha konkret məna kəsb edir. İrəliləyiş mümkündür, lakin bu, formal və ya birtərəfli ola bilməz. Ermənistanın beynəlxalq aləmdə “sülh tərəfdarı” imici real addımlarla, ilk növbədə hüquqi sahədə dəyişikliklərlə təsdiqlənməlidir. Əks halda, xarici ritorika ilə daxili siyasət arasında ziddiyyət qalmaqda davam edəcək. Azərbaycan üçün isə bu proseslər taktiki deyil, strateji əhəmiyyət daşıyır. 2026-cı il Ermənistan üçün seçim nöqtəsinə çevrilir: ya regionda formalaşan yeni reallıqlara uyğunlaşaraq suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan əməkdaşlıq modelini qəbul etmək, ya da keçmişin ideoloji yükünün girovuna çevrilmək. Nəticə etibarilə, Cənubi Qafqazda dayanıqlı sülh yalnız Ermənistanda dərin institusional dəyişikliklər fonunda mümkün ola bilər. Konstitusiya islahatı və ərazi iddialarından qəti imtina müasir dövlət quruculuğunun ayrılmaz şərtidir. Bu addımlar atılmadan istənilən sülh təşəbbüsü yalnız daxili siyasi konyukturaya xidmət edən taktiki manevr kimi qiymətləndiriləcək və regionda real sabitliyin təmin olunmasına xidmət etməyəcək"-deyə, deputat vurğulayıb.