16 aprel 2026 19:00
147

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir - TƏHLİL

Cənab  İlham Əliyevin  Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə  5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri dünyaya nümunə olan qardaşlığımıza, müttəfiqliyimizə yeni əlavələr edəcək

Dövlət başçısı İlham Əliyev  qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər etdi.  Hər bir səfərin ölkələr arasında əlaqələrin inkişafında yeni səhifə açdığı şəksizdir. Səfərin məqsədindən, mahiyyətindən asılı olmayaraq keçirilən görüşlər, müzakirə olunan məsələlər, imzalanan sənədlər  əməkdaşlığın yeni prioritetlər üzrə inkişafına geniş imkanlar yaradır. 

Dünya Azərbaycan-Türkiyə  münasibətlərinin fonunda dostluğun, qardaşlığın nümunəsini görür.  Dünyada elə bir ölkə yoxdur ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olsun. Bu birlik, həmrəylik ümumilikdə Türk dünyasının  birliyinin, həmrəyliyinin aydın mənzərəsini təqdim edir. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Türk dünyasının birliyinə töhfələri ilə diqqətdədir. 44 günlük İkinci Qarabağ müharibəsi  bu birliyi daha da möhkəmləndirdi. Prezident İlham Əliyev bu günlərdə  Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edərkən bildirdi ki, Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq.

Çıxışlarında qardaş  Türkiyəni  bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantı kimi dəyərləndirən cənab İlham Əliyev onu da xüsusi qeyd edir ki,  qardaş ölkənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra ölkəmizə  göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsi əsas götürülərək  bütün məsələlərdə  iki dost ölkə bir yerdədir, bir nöqtəyə vurur. Biz öz gücümüzə güc qatırıq. Təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının  hər bir üzvünü gücləndirəcək.

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Bu əlaqələrin təməlində böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli Lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” çağırışları dayanır. Cənab İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir: “Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”. Dövlət başçısı İlham Əliyev “Bir yumruq” ifadəsi ilə Azərbaycan və Türkiyənin daim birlikdə olduğunu bəyan etdi. Cənab İlham Əliyevin “Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik” çağırışı da özündə mühüm məqamları ehtiva edir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri layihələr regionda sabitlik, əməkdaşlıq gətirir. Bu birlik hər zaman regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. İki ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişlənərək beynəlxalq miqyas alıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu lahihəsinin ardınca Cənub Qaz Dəhlizi layihəsi reallığa çevrildi. Prezident İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin ifadəsi olan TANAP-ın istismara verilməsini tarixi nailiyyət adlandırmışdır. Həmçinin qeyd etmişdir ki, bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir.

Azərbaycan Türkiyə vasitəsilə Avropaya enerji tədarük edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006 və 2007-ci illərdə  istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır. İki ölkə arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq da kifayət qədər genişdir.

 Azərbaycan-Türkiyə qardaşlığının böyük gələcəyi var.  Ölkələrimizin hərbi sahədəki əməkdaşlığı da hər zaman böyük önəm daşıyır. Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına  Türkiyənin verdiyi dəstək, xüsusilə hərbi təlimlər və silah tədarükü sahələrində davam edir. Ordularımız  bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir. Cənab İlham Əliyev bildirir ki,  İkinci Qarabağ savaşı və ondan üç il sonra  2023-cü ilin  sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar var.

  2023-cü ilin fevralında Türkiyədə baş verən  dəhşətli zəlzələ Azərbaycan-Türkiyə qardaşlığının sözdə deyil, əməldə öz təsdiqini tapdığını bir daha nümayiş etdirdi. Bu zəlzələ  böyük fəlakətlərə  yol açdı. Zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsidir. Azərbaycan zəlzələdən zərər çəkən əhaliyə dərhal humanitar yardım göndərdi, Fövqəladə Hallar Nazirliyi vasitəsilə axtarış-xilasetmə əməliyyatlarına qatıldı. Yalnız təcili yardımlarla kifayətlənməyən dövlətimiz bölgənin uzunmüddətli bərpasına da mühüm töhfələr verdi. Bu dəstəyin ən mühüm nümunələrindən biri Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan” məhəlləsi oldu. Yaşayış massivinə “Azərbaycan” məhəlləsi adının verilməsi isə iki qardaş ölkə arasında bağları daha da gücləndirir. Məhəllənin girişində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır və mərkəzdə Azərbaycan-Türkiyə dostluğunun simvolu olan  abidə ucaldıldı. Azərbaycan təkcə Kahramanmaraşda deyil, Hatay və Adıyaman kimi zəlzələdən zərər çəkən digər bölgələrdə də tikinti işlərində Türkiyəyə dəstəyini davam etdirir.

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir. Türk Dövlətləri Təşkilatının daha da möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması əsas hədəflərdəndir.  Cənab İlham Əliyev bildirir ki,  bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Təşkilatımızın inkişafı üçün əlbəttə ki, Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir. Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlamışdır. Birinci belə qeyri-rəsmi Zirvə Görüşü Qarabağda, Şuşada keçirilmişdir. Artıq bu, ənənə halına çevrilib. Dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər. Çünki həm müzakirə edilməli məsələlər çoxdur, həm dünyada proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı, bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq.

Tarixi Zəfərimizdən sonra Azərbaycan ilə Türkiyə  arasında əməkdaşlığın yeni istiqamətlərindən biri media oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi.  İki ölkə arasında Ortaq Media Platformasının yaradılması  Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Təhsil sahəsi də əsas prioritetlər sırasındadır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması zərurəti iki ölkənin münasibətlərini bütün sahələrdə uğurla inkişaf etdirməkdə maraqlı olduğunu təsdiqlədi. Prezident  İlham Əliyev qeyd etdi ki,  bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq,  yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  çıxışlarında vurğulayır ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, tarixi kökləri, mədəni irsi, adət-ənənələri oxşar olan,  qardaşlıq əlaqələrinin möhkəmlənməsi naminə səylər  göstərən hər iki ölkənin xalqları əsrlərin sınaqlarından çıxmış dostluğu yüksək dəyərləndirir, münasibətlərin müasir çağırışlara uyğun davamında maraqlı olduqlarını nümayiş etdirirlər. Hazırda dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, siyasi, iqtisadi, hərbi qüdrəti ilə də başqa dövlətlərə nümunə göstərilən bu qardaşlıq Türk dünyasının birlik və həmrəyliyinə də önəmli töhfələr verir. Zəngin tarixə söykənən Azərbaycan-Türkiyə münasibətlərinin qısa təhlili fonunda V Antalya Diplomatik Forumunun əlaqlərimizin inkişafına töhfə verəcəyini əminliklə qeyd edirik. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə bu tədbirlərin böyük əhəmiyyəti vardır. Diplomatiya sabitləşdirici faktor  kimi diqqətdədir.  Qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumunun əhəmiyyəti iştirakçıların say tərkibində də özünün aydın ifadəsini tapir. Azərbaycan yenə də  balanslaşdırılmış xarici siyasətinin uğurları ilə dünyanın diqqətində olacaq. Bu gün Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq aktoru  kimi çıxış edir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı  artır. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar, tərəfdaşlar qazanmasında mühüm əhəmiyyət kəsb edir. Tədbir bu baxımdan da diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin  beynəlxalq və regional tədbirlərdə iştirakı ölkəmizə olan böyük  etimadın təqdimatıdır. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfələr verir. Türkiyə-Azərbaycan diplomatiyası dünya siyasətində söz sahibidir.

Yeganə Əliyeva, “İki sahil”