16 aprel 2026 15:57
636

ARZUYA ƏN BÖYÜK ARZUM

Neçə-neçə nəslin vətəndaş kimi formalaşmasında, ziyalı, zəkalı yetişməsində kütləvi informasiya vasitələrinin rolu danılmaz həqiqətdir. İftixarla deyə bilərik ki, ötən il təməli Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın 150 yaşını təntənə ilə qeyd elədik.  Bu il Azərbaycan radiosunun 100, televiziyanın 60 illiyinin sevincini paylaşırıq.

Uzunmüddətli zaman kəsiyində səmərəli fəaliyyəti ilə efir məkanında layiqli yerini tutan radio və televiziyamız dövlət müstəqilliyimizi bərpa edəndən sonra yeni inkişaf mərhələsinə qədəm basmış,  öz əhatə dairəsini xeyli genişləndirmiş, sayca çoxalmışdır. Əminliklə deyə bilərik ki, internet əsrində sosial şəbəkələrin hər bir insanın həyatında özəl yer tutmasına baxmayaraq, mətbuat öz etibarlı oxucularını, radio sədaqətli dinləyicilərini, televiziya vəfalı tamaşaçı auditoriyasını qoruyub saxlaya bilmişdir.  Ekranda maraqla baxdığımız, efirdə həvəslə dinlədiyimiz proqramlar  özləri üzə çıxmasa da,  fədakarlığı ilə seçilən yaradıcı və texniki heyətin yorulmaz əməyi sayəsində ərsəyə gəlir.

Belə insanlardan birinin – 106 FM və 106.3 FM radiolarına rəhbərlik edən Arzu xanım Cəfərovanın yubileyidir. Qeyd edim ki, 106 FM-in 27, 106.3-ün 22 yaşı tamam olur. Yaradıcılıq qabiliyyəti, təşkilatçılıq bacarığı, rəhbərlik məharəti ilə xüsusi seçilən Arzu xanımın isə yaşı…. Mən bircə onu deyə bilərəm ki, gördüyü işıqlı əməllərindən qat-qat azdır. Çoxsaylı dinləyiciləri olan hər iki radionun incəqəlbli rəhbəri yorulmaz əməyi, xeyirxahlığı, daim yenilik sorağında axtarışları ilə rəğbət qazanıb. Ən kiçik nəvəsi də onun adaşıdır. Arzu xanımın ən böyük arzusu isə nəvəsi Arzunun toyunda əziz balası  ilə birlikdə “Uzun dərə” rəqsini oynamaqdır. Mən onun bu arzusunun çin olmasını arzulayıram!         

Etibar Babayev,
Əməkdar jurnalist